Bakıda FİFA U-15 Dünya Kuboku: 191 ölkə yarışacaq
19 sen 2026 Post redaksiyası 4 2 dəq

Bakıda FİFA U-15 Dünya Kuboku: 191 ölkə yarışacaq

FİFA-nın ilk dəfə təşkil etdiyi U-15 Dünya Kuboku və Festivalı 2026-cı ilin 22-30 oktyabr tarixlərində Bakıda keçiriləcək. Turnirdə FİFA-ya üzv 191 ölkənin komandası mübarizə aparacaq.

FİFA-nın ilk dəfə təşkil etdiyi U-15 Dünya Kuboku və Festivalı 2026-cı ilin oktyabr ayında (22-30 oktyabr) Azərbaycanda, Bakı şəhərində keçiriləcək. Turnirdə FİFA-ya üzv 191 ölkənin komandası mübarizə aparacaq.

Yarışın təşkili ilə bağlı FİFA ətraflı açıqlama yayıb. Bildirilib ki, Bakıya futbolçular, məşqçilər və rəsmi şəxslər daxil olmaqla 3 mindən artıq qonağın gələcəyi gözlənilir.

Azərbaycan yığması "AF" qrupuna düşüb və bu qrupda aşağıdakı komandalarla üz-üzə gələcək:

  • Andorra
  • Avstraliya
  • Haiti
  • İsrail
  • Şərqi Timor

Oyunlar harada keçiriləcək?

Turnirin əsas hissəsi hazırda tikilməkdə olan Hövsan Yarış Kompleksinin meydançalarında oynanılacaq. Yalnız açılış matçı və altı final qarşılaşması istisna təşkil edir – bu oyunlar "Baku Crystal Hall"da keçiriləcək.

Turnirin ilk matçı oktyabrın 24-də baş tutacaq, həmin gün Azərbaycan yığması Şərqi Timor komandası ilə qarşılaşacaq.

Format necə olacaq?

Yarış adi futboldan fərqli qaydalarla keçiriləcək – komandalar meydana 8 nəfərlik heyətlə (8x8 formatı) çıxacaq. Hər oyun 20 dəqiqəlik iki hissədən ibarət olacaq, meydanın ölçüsü 68x47 metr, qapılar isə standart 7,32x2,44 metr ölçüdə quraşdırılacaq.

Hər komandanın heyətində 14 futbolçu, məşqçi və inzibati heyətdən ibarət maksimum 6 nəfər yer ala biləcək. Turnirdə 2011-ci il və 2012-ci il təvəllüdlü oyunçular iştirak edəcək.

Turnirin mərhələləri

Yarış iki mərhələdə keçiriləcək. Birinci mərhələdə komandalar qrup daxilində dairəvi sistemlə 4-5 oyun keçirəcək, bu nəticələr əsasında ikinci mərhələyə keçid təmin olunacaq.

İkinci mərhələ 6 səviyyəyə (Tier) bölünəcək və komandalar burada da əlavə 4-5 qarşılaşma keçirəcək. Bütün iştirakçılar turnirin son gününədək mübarizəni davam etdirəcək, hər səviyyənin öz qalibi olacaq. Ən yüksək səviyyə olan A qrupunun qalibi FİFA U-15 Dünya Kuboku və Festivalının çempionu elan ediləcək.

Neçə oyun keçiriləcək?

Ümumilikdə turnir çərçivəsində təxminən 1000 qarşılaşmanın oynanılması planlaşdırılır. Hövsan Yarış Kompleksində eyni anda 20 matçın keçirilməsi mümkün olacaq, hər meydançada isə gündə 10-a qədər oyun təşkil ediləcək. Final mərhələsinin həlledici görüşləri "Baku Crystal Hall"da keçiriləcək.

Ukrayna komandası iştirak etməyəcək

Ukrayna mediasının yaydığı məlumata görə, ölkənin U-15 yığması Bakıdakı turnirdə iştirak etməyəcək. Bunun səbəbi FİFA-nın Rusiya U-15 komandasına Azərbaycandakı yarışda iştirak icazəsi verməsi ilə bağlıdır.