Yankauskas: Azərbaycan Litvadan güclü rəqibdir
26 sen 2026 Post redaksiyası 6 2 dəq

Yankauskas: Azərbaycan Litvadan güclü rəqibdir

Litva millisinin baş məşqçisi Edqaras Yankauskas UEFA Millətlər Liqası çərçivəsində Azərbaycanla oynanılacaq qarşılaşma öncəsi açıqlama verib və rəqibin güclü olduğunu vurğulayıb.

Litva yığmasının baş məşqçisi Edqaras Yankauskas UEFA Millətlər Liqasının qrup mərhələsinin 2-ci turunda Azərbaycanla keçiriləcək qarşılaşma öncəsi komandasının vəziyyəti və rəqib barədə fikirlərini açıqlayıb.

Mütəxəssis əvvəlki rəqibləri Lixtenşteynlə müqayisədə Azərbaycan millisinin daha güclü və texniki cəhətdən üstün olduğunu bildirib.

"Lixtenşteynlə oyun çox resurs tələb etmədi. Futbolçular lazımi nəticəni əldə etdilər. Lakin qarşıdakı görüşdə daha böyük güc və sürət nümayiş etdirməliyik. Azərbaycan millisi əvvəlki rəqibimizdən daha güclü və texnikalıdır. Onların heyətində beynəlxalq təcrübəyə malik, Çempionlar Liqasında çıxış edən futbolçular var. Buna görə də bizi daha yüksək səviyyəli rəqib gözləyir"

Heyətdə dəyişiklik olacaq

Baş məşqçi komanda heyətində müəyyən dəyişikliklərin ediləcəyini də bildirib. Onun sözlərinə görə, Piyus Şirvis zədə səbəbindən bu toplanışda iştirak edə bilməyəcək.

Yankauskas həmçinin komandasının güclü tərəflərindən — standart vəziyyətlər və sürətli hücumlardan söz açıb:

"Topu qazandıqdan sonra mümkün qədər tez hücuma keçmək vacibdir. Bu zaman rəqibin müdafiəsi tam təşkilatlanmış olmur. Biz də özümüzdən asılı olan bu üstünlüklərdən daha yaxşı istifadə etməyə çalışacağıq. Lakin hücum edərkən müdafiəni də düşünmək lazımdır"

Dambrauskasla görüş ehtimalı

Litva məşqçisi "Sabah"ın baş məşqçisi Valdas Dambrauskasla hələ ki, Azərbaycanla oyun barədə danışmadığını, ancaq Bakıya səfər zamanı onunla görüşmək ehtimalının olduğunu qeyd edib.

"Onun çalışdırdığı komanda ilə qazandığı tarixi uğura görə çox sevinirik və ona bundan sonra da uğurlar arzulayırıq. Azərbaycanda olanda, düşünürəm ki, görüşmək, fikir və məsləhətlərimizi bölüşmək üçün vaxt tapacağıq. Amma hazırda öz topladığımız məlumatlara güvənirik və rəqib barədə kifayət qədər informasiyaya sahibik"

Bakıda keçiriləcək cavab oyunu ilə bağlı isə hələ konkret düşünmədiklərini vurğulayıb:

"Hazırda yalnız bu oyuna köklənmişik. Qarşıdakı görüş bizim üçün prioritetdir. Ondan sonra nə olacağını isə daha sonra görəcəyik"