İngiltərə Premyer Liqası «Mançester Siti» klubunu maliyyə fair-play qaydalarını pozmaqda təqsirli bilib, klub isə bu qərardan apellyasiya etməyə hazırlaşır.
İngiltərə Premyer Liqası «Mançester Siti» klubunun maliyyə şəffaflığı qaydalarını kobud şəkildə pozduğu qənaətinə gəlib. Bu barədə tanınmış futbol jurnalisti Devid Ornşteyn öz «X» hesabında məlumat paylaşıb. Onun sözlərinə görə, «şəhərlilər» ləqəbi ilə tanınan klub artıq qərara qarşı apellyasiya prosesinə hazırlaşır.
2023-cü ilin fevral ayında Premyer Liqa «Mançester Siti»yə qarşı 115 ayrı-ayrı ittiham irəli sürmüşdü. Həmin ittihamlar 2009/2010-cu mövsümdən 2017/2018-ci mövsümə qədər olan doqquz illik dövrü əhatə edirdi.
Yerli mətbuatda yer alan məlumatlara görə, pozuntulardan ən ciddisi klubun UEFA-nın maliyyə tənzimləmə qaydalarını dolayı yolla aşaraq 30 milyon funt-sterlinq həcmində gəlir əldə etməsi ilə bağlıdır.
«Siti»nin maliyyə əməliyyatlarındakı çatışmazlıqları araşdıran sənədli filmin yaradıcıları klubun maliyyə vəziyyətinə dair UEFA-nın 2020-ci ildə hazırladığı hesabata çıxış imkanı əldə ediblər. Bu sənədə əsasən, klub 2012-ci və 2013-cü illərdə Əbu-Dabidən olan kimliyi açıqlanmayan bir şəxsdən 15 milyon funt-sterlinqlik iki ayrı köçürmə alıb.
Rəsmi sənədlərdə həmin vəsaitlər Birləşmiş Ərəb Əmirliklərinə məxsus «Etisalat» telekommunikasiya şirkətinin sponsorluq ödənişi kimi qeydə alınsa da, UEFA bu əməliyyatın əslində klubun Əbu-Dabidən olan sahibləri tərəfindən gizli şəkildə maliyyələşdirilməsi olduğunu müəyyən edib. Qurum bunu öz qaydalarının açıq pozuntusu kimi qiymətləndirib.
«Mançester Siti» bütün irəli sürülən iddiaları dəfələrlə təkzib edərək onların əsassız olduğunu bildirib. Klub tərəfi bu məsələdə heç bir qanun pozuntusuna yol vermədiyini vurğulayır.
Qərarın hüquqi qüvvəyə minməsi halında klubu Premyer Liqadan kənarlaşdırılma, xallarının silinməsi və ya böyük məbləğdə pul cərimələri gözləyə bilər. Bununla belə, «Mançester Siti»yə tətbiq ediləcək konkret sanksiyalar barədə hələlik yekun qərar açıqlanmayıb.