Çin Sədri Si Cinpin Amerika Birləşmiş Ştatlarına səfəri çərçivəsində Ağ Evdə prezident Donald Trampla görüşüb və yeni ticarət razılaşması əldə edildiyini açıqlayıb.
Çin Sədri Si Cinpin Amerika Birləşmiş Ştatlarına səfəri çərçivəsində Ağ Evdə prezident Donald Trampla görüşüb. Görüşün ardından Çin Xarici İşlər Nazirliyi yaydığı məlumatda bildirib ki, tərəflər yeni ticarət razılaşması barədə razılığa gəliblər.
"ABŞ ilə yeni ticarət razılaşması barədə razılığa gəldik"
Nazirliyin açıqlamasına əsasən, Si Cinpin iki ölkənin iqtisadi və ticarət nümayəndə heyətlərinin yeni birgə saziş hazırladığını bildirib. Onun sözlərinə görə, bu razılaşma həm ABŞ və Çin xalqları, həm də hər iki ölkənin sənayesi üçün faydalı olmaqla yanaşı, qlobal iqtisadiyyata da müsbət təsir göstərəcək.
Si Cinpin əlavə edib ki, iki ölkə arasında iqtisadi və ticarət əlaqələrinin sabit qalması əməkdaşlıq sahələrinin genişləndirilməsi və mövcud fikir ayrılıqlarının aradan qaldırılması ilə mümkündür.
Tərəflərin nümayəndə heyətləri, həmçinin noyabrın 10-da başa çatmalı olan müvəqqəti ticarət sazişinin qüvvədə qalma müddətini 2027-ci ilin yanvar ayınadək uzatmaq barədə də razılığa gəliblər.
Si Cinpin ABŞ və Çinin süni intellekt sahəsində rəqabət aparmaqla yanaşı, əməkdaşlıq etmək imkanına da malik olduğunu vurğulayıb.
"Bir-birlərinə qarşı müdafiə olunmaq əvəzinə, hər iki tərəf qarşılıqlı güclü tərəflərini vurğulaya bilər. Süni intellektlə bağlı dialoqu davam etdirə, onun riskləri və faydaları barədə fikir mübadiləsi apara və onun sui-istifadəsinin qarşısını birgə ala bilərik"
Bildirilib ki, iki ölkə arasında süni intellektin risklərini və potensial təhdidlərini əhatə edən məlumat mübadiləsi məqsədilə "Süni intellekt dialoqu" adlı yeni format başlaması gözlənilir.
Si Cinpin görüş zamanı Tayvanın Çin ərazisinin bir hissəsi olduğuna dair Pekinin rəsmi mövqeyini bir daha təsdiqləyib və ABŞ-ı "Tayvanın müstəqilliyi" mövzusunda düzgün mövqe nümayiş etdirməyə çağırıb.
Liderlər həmçinin İran, Ukrayna və Koreya yarımadasındakı vəziyyəti də müzakirə ediblər. Si Cinpin ABŞ-la İranın dialoq və danışıqlar, o cümlədən nüvə məsələsi üzrə yenidən razılaşmaya nail olacağına ümid etdiyini bildirib.
"Çin bütün ölkələrin suverenliyinə və təhlükəsizliyinə hörmətin tərəfdarıdır. Biz həmişə gərginliyin azaldılmasında konstruktiv rol oynayırıq"
Görüşdə Yaxın Şərqdəki müharibənin qlobal enerji ticarətinə təsiri, eləcə də Vaşinqtonun Rusiya və İrana qarşı tətbiq etdiyi sanksiyaların Çinlə iqtisadi münasibətlərə ola biləcək təsirləri də müzakirə mövzuları sırasında yer alıb.