Anar Əliyev: İnsan kapitalı inkişaf strategiyasının əsasıdır
26 sen 2026 Post redaksiyası 3 3 dəq

Anar Əliyev: İnsan kapitalı inkişaf strategiyasının əsasıdır

Əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev bildirib ki, insan kapitalının inkişafı Azərbaycanın uzunmüddətli inkişaf strategiyasının mühüm tərkib hissəsidir.

Əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən "İnsan kapitalına və gələcəyin bacarıqlarına investisiya" panelində çıxış edib. O, texnoloji dəyişikliklərin əmək bazarına təsirindən danışaraq bilik, bacarıq və innovasiya potensialının ölkələrin əsas strateji üstünlüklərindən biri olduğunu vurğulayıb.

Bu baxımdan insan kapitalının inkişafı ölkəmizin uzunmüddətli inkişaf strategiyasının mühüm tərkib hissəsidir.

Nazir əhalinin sosial rifahının artırılmasının Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən güclü sosial dövlət konsepsiyasının əsasını təşkil etdiyini bildirib. O, 2018–2026-cı illəri əhatə edən, illik əlavə maliyyə tutumu 8 milyard manat olan və 4 milyon nəfəri əhatə edən 5 sosial islahat paketinin nəticələrindən danışıb.

Məşğulluq göstəricilərində artım

Anar Əliyevin sözlərinə görə, bu müddətdə Nazirlik vasitəsilə işlə təmin olunanların sayı 3,6 dəfə, özünüməşğulluq proqramına qoşulanların sayı 2,7 dəfə, peşə hazırlığına cəlb olunanların sayı isə 7,1 dəfə artıb. Əmək müqavilələrinin sayı 44,6 faiz çoxalaraq 1,86 milyona çatıb, əməkhaqqı fondunda isə 3,4 dəfəlik artım qeydə alınıb.

Rəqəmsal xidmətlər genişlənib

Nazir əmək və sosial müdafiə sahəsində rəqəmsal transformasiyanın uğurla davam etdiyini bildirib. Onun sözlərinə görə, Nazirliyin 152 xidmətinin 90 faizi artıq elektron formata keçirilib, bunlardan 55-i proaktiv xidmət kimi istifadəyə verilib. Həmçinin "Əmək və Məşğulluq" altsistemi vasitəsilə əmək müqavilələrinin 97 faizi elektron qaydada bağlanır.

Anar Əliyev bildirib ki, insan kapitalının inkişafına yalnız təhsil dövründə formalaşan bilik və bacarıqlar kontekstində deyil, insanın bütün əmək fəaliyyəti boyunca davam edən fasiləsiz proses kimi baxılır. Bu baxımdan əmək bazarının tələblərinə cavab verən peşə və kvalifikasiya standartlarının hazırlanması, peşəyönümü xidmətlərinin gücləndirilməsi və işəgötürənlərin kadr hazırlığına daha aktiv qoşulması vacib məsələlər sırasındadır.

1700-dən çox standart hazırlanıb

Onun məlumatına görə, hazırda 1700 peşə və kvalifikasiya standartı işlənib hazırlanıb və işəgötürənlərlə digər maraqlı tərəflərin istifadəsinə verilib. Bu standartlar kadr hazırlığının əmək bazarının tələblərinə uyğunlaşdırılmasına, peşə bacarıqlarının obyektiv qiymətləndirilməsinə və rəqabətqabiliyyətli işçi qüvvəsinin formalaşmasına dəstək olur.

Nazir həmçinin bildirib ki, işsiz və iş axtaran şəxslər üçün 175 peşə üzrə təlimlər təşkil olunur, bu işdə 180-ə yaxın dövlət və özəl təhsil-təlim müəssisəsi ilə əməkdaşlıq aparılır. Yaşıl iqtisadiyyata uyğun bilik və bacarıqlara malik işçi qüvvəsinin hazırlanması isə yeni məşğulluq imkanlarının yaranmasına və əmək bazarının yaşıl transformasiyaya uyğunlaşmasına kömək edir.

Universitet-biznes əməkdaşlığı vurğulandı

Anar Əliyev dövlət məşğulluq siyasətinin əsas istiqamətlərindən birinin universitetlər, işəgötürənlər və dövlət qurumları arasındakı əməkdaşlıq mexanizmlərinin gücləndirilməsi olduğunu qeyd edib. Onun sözlərinə görə, bu, xüsusilə gənclər üçün layiqli məşğulluq imkanları yaradacaq, biznesə uyğun kadr təminatını yaxşılaşdıracaq və iqtisadiyyatın məhsuldarlığını artıracaq.

Dövlət qurumlarının nümayəndələri, biznes dairələri və beynəlxalq ekspertlərin qatıldığı panel çərçivəsində insan kapitalının Azərbaycanın uzunmüddətli rəqabət qabiliyyəti və iqtisadi şaxələndirmə üçün rolu, gələcəyin bacarıqları, rəqəmsal imkanlar və müasir liderlik yanaşmaları müzakirə olunub. Eyni zamanda, universitetlər, biznes və dövlət qurumları arasında əməkdaşlığın gücləndirilməsi, məşğulluq imkanlarının artırılması, innovasiya və sahibkarlığın dəstəklənməsi mövzularında fikir mübadiləsi aparılıb.