Ermənistanın 30 illik işğalına son qoyan 44 günlük İkinci Qarabağ müharibəsinin başlanmasından 6 il keçib. Milli Məclisin deputatı Vüqar Rəhimzadə bu münasibətlə mediaya açıqlama verib.
2020-ci il sentyabrın 27-də başlayan 44 günlük İkinci Qarabağ müharibəsi Azərbaycanı dünyaya qalib ölkə kimi təqdim etdi. Həmin tarixdən 6 il keçib. Prezident İlham Əliyevin 2 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən, 27 sentyabr Anım Günü kimi qeyd olunur.
Milli Məclisin deputatı Vüqar Rəhimzadə bu tarixlə bağlı mediaya açıqlama verib. O bildirib ki, Anım Günü Vətən müharibəsində canlarını fəda etmiş şəhidlərə ehtiramın ifadəsidir.
“44 günün hər anı bir yazının mövzusu, göstərilən qəhrəmanlığın təqdimatıdır. Bir daha təsdiqləndi ki, torpaq, əgər uğurunda ölən varsa, Vətəndir”.
Deputat vurğulayıb ki, 44 günlük müharibənin baş verməsi 30 illik işğal dövrünün nəticəsi idi. Onun sözlərinə görə, çar Rusiyası dövründən başlayaraq ermənilərin Qarabağa köçürülməsi ilə Azərbaycan xalqına qarşı düşmənçilik siyasəti 200 ildən artıq davam edib.
“Ermənilər Azərbaycan ərazisində məskunlaşdıqları ilk gündən etibarən xalqımızın toponimlərini dəyişməyə başlamış, münbit əraziləri ələ keçirməyə çalışmış və yaşadıqları yaşayış məntəqələrində azərbaycanlıları sıxışdırıb çıxarmışlar”.
Rəhimzadə xatırladıb ki, 1905-1907-ci illərdə yüz minlərlə azərbaycanlı erməni qəsbkarları tərəfindən qətlə yetirilib. 1918-1920-ci illər isə İrəvan, Dərələyəz, Zəngəzur, Göyçə, Tiflis, Naxçıvan, Bakı, Gəncə, Şamaxı, Quba, Lənkəran, Qarabağ, Muğan və Göyçayda soyqırım hadisələri ilə yaddaşlarda qalıb.
Deputat həmçinin 1948-1953-cü illərdə Ermənistandakı tarixi torpaqlarından 150 minə yaxın azərbaycanlının deportasiya edilərək Kür-Araz düzənliyinə yerləşdirildiyini bildirib. Onun sözlərinə görə, 1987-ci ildən başlayaraq daha 300 minə yaxın azərbaycanlı doğma yurdundan qovulub və nəticədə Ermənistan monoetnik dövlətə çevrilib.
1988-ci ildə başlayan Qarabağ hadisələrinin, erməni ideoloqlarının “dənizdən dənizə böyük Ermənistan” xülyasını gerçəkləşdirmək cəhdinin nəticəsi kəndlərin, şəhərlərin dağılması, on minlərlə insanın həlak olması və yüz minlərlə azərbaycanlının öz torpaqlarından didərgin düşməsi oldu. Xarici havadarları tərəfindən silahlandırılan ermənilər nəticədə Azərbaycan ərazisinin 20 faizini işğal etdi.
Bu qətliamlar sırasında Xocalı hadisələri xüsusi qəddarlığı ilə seçilir. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan hərbi birləşmələri 7 min əhalisi olan Xocalı şəhərində soyqırımı həyata keçirdi.
“Xocalı qurbanlarını unutmayacağıq, dağıdılmış, təhqir edilmiş dini abidələrimizi, məscidlərimizi, mədəni ocaqlarımızı, tarixi abidələrimizi heç vaxt unutmayacağıq və bu yaddaş bizi daha da ayıq edəcək”.
Deputat qeyd edib ki, 1992-ci ildə yaradılan ATƏT-in Minsk qrupu missiyasının mahiyyətini heç vaxt dərk etmək istəmədi. Onun sözlərinə görə, BMT Təhlükəsizlik Şurasının beş daimi üzvündən üçü — ABŞ, Fransa və Rusiya — həm də Minsk qrupunun həmsədr ölkələri idi və 28 il ərzində bu ölkələr Ermənistana dəstək, Azərbaycana qarşı ədalətsiz mövqe nümayiş etdirdi.
“Müharibə olmaya bilərdi, əgər Ermənistan və onun rəhbərliyi, onun arxasında dayanan qüvvələr beynəlxalq hüquqa, BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsinə əməl etsəydilər”.
Rəhimzadə bildirib ki, 2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələri atəşkəs rejimini pozaraq cəbhə boyu Azərbaycan Ordusunun mövqelərinə zərbələr endirib, Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarının yaşayış məntəqələrini artilleriya atəşinə tutub. Nəticədə hərbi qulluqçularla yanaşı, Azərbaycanın 11 dinc sakini, o cümlədən 2 uşaq həlak olub.
Bundan sonra Ali Baş Komandan İlham Əliyev bütün cəbhə boyu əks-hücuma keçmək əmrini verib. Sentyabrın 27-də başlayan əməliyyat nəticəsində noyabrın 9-dək 5 şəhər, 4 qəsəbə və 286 kənd işğaldan azad edilib.
10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanata əsasən, noyabrın 20-də Ağdam, noyabrın 25-də Kəlbəcər, dekabrın 1-də isə Laçın Azərbaycana təhvil verilib. 2022-ci il avqustun 26-da Laçın şəhəri, Zabux və Sus kəndləri də nəzarətə götürülərək bu üç rayonun sülh yolu ilə qaytarılması prosesi başa çatıb.
Deputatın sözlərinə görə, Şuşanın 8 noyabr 2020-ci il tarixdə azad edilməsi müjdəsini xalqa çatdıran İlham Əliyev ata vəsiyyətini yerinə yetirdiyi üçün özünü xoşbəxt hiss etdiyini bildirib.
Prezidentin 2020-ci il dekabrın 3-də imzaladığı Sərəncamla Bakıda Vətən müharibəsi memorial kompleksinin və Zəfər muzeyinin yaradılması tapşırılıb. 2024-cü il noyabrın 8-də kompleksdə Zəfər parkının açılışı, 2025-ci il noyabrın 8-də isə Zəfər muzeyinin açılışı olub. 2020-ci il dekabrın 10-da isə Zəfər paradı keçirilib.
Rəhimzadə Prezident-Xalq-Ordu birliyini Qələbəni təmin edən əsas amillərdən biri kimi vurğulayıb. Onun sözlərinə görə, dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlılar və ölkənin haqq işinə dəstək verən digər xalqların nümayəndələri erməni lobbisinin kampaniyalarına qarşı fədakarlıqla mübarizə aparıb.
“Etnik və dini mənsubiyyətindən asılı olmayaraq ölkəmizin bütün vətəndaşları Vətən müharibəsi dövründə görünməmiş həmrəylik nümayiş etdirdilər, ön və arxa cəbhədə sarsılmaz birlik yarandı”.
Deputat onu da bildirib ki, İlham Əliyev müharibə dövründə dünyanın 30-dan artıq aparıcı media qurumuna müsahibə verərək münaqişə ilə bağlı həqiqətləri beynəlxalq ictimaiyyətə çatdırıb. Qələbədən sonra azad olunmuş ərazilərin bərpasına başlanılıb və Prezident İlham Əliyevin, birinci xanım Mehriban Əliyevanın bu ərazilərə davamlı səfərləri Böyük Qayıdış Proqramı çərçivəsində görülən işlərin miqyasını əks etdirir.