«Konstitusiya» Araşdırmalar Fondunun rəhbəri Əliməmməd Nuriyev bildirib ki, Ermənistan öz ərazisində separatçı və revanşist təşkilatlanmaya yol verməməli, Azərbaycanın ərazi bütövlüyünü tanıdığını real addımlarla da təsdiqləməlidir.
«Konstitusiya» Araşdırmalar Fondunun rəhbəri Əliməmməd Nuriyev feysbuk səhifəsində paylaşımında Ermənistanın öz ərazisində separatçı qüvvələrə yer verməməsi lazım olduğunu vurğulayıb. Onun sözlərinə görə, rəsmi İrəvan Azərbaycanın suverenliyini yalnız sözdə deyil, əməli tədbirlərlə də təsdiqləməlidir.
“Ermənistan öz ərazisində separatçı və revanşist təşkilatlanmaya imkan verməməlidir. Rəsmi İrəvan Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tanıdığını real tədbirlərlə də təsdiqləməlidir”
Nuriyev qeyd edib ki, 2023-cü il sentyabrın 20-də Azərbaycan öz ərazisində dövlət suverenliyini tam şəkildə təmin edib. Onun fikrincə, həmin gün yeni hüquqi vəziyyət yaranmayıb, sadəcə mövcud hüquq tam həcmdə həyata keçirilib.
“2023-cü il sentyabrın 20-də Azərbaycan bütün ölkə ərazisində dövlət suverenliyini tam təmin etdi. Həmin gün yeni hüquq yaranmadı. Mövcud hüquq tam həcmdə həyata keçirildi: Azərbaycan öz ərazisində yaradılmış silahlı separatçı xuntanı aradan qaldırdı və konstitusiya quruluşunu bərpa etdi. Bu nəticəni sentyabrın 28-də qondarma rejimin öz strukturlarını buraxması və öz mövcudluğuna son qoyduğunu elan etməsi barədə yaydığı mətn yaratmadı. Separatizmin hərbi-siyasi dayaqları 2020-ci il Vətən müharibəsində Azərbaycan Ordusunun qazandığı tarixi Qələbə ilə sarsıdıldı. 2023-cü ilin sentyabrında Ermənistanın genişlənən hərbi təxribatlarına cavab olaraq keçirilmiş antiterror əməliyyatı isə qalan qanunsuz silahlı infrastrukturu və separatçı idarəçiliyi aradan qaldırdı. Nəticə şəhidlərimizin canı, qazilərimizin fədakarlığı, xalqımızın iradəsi və Ordumuzun gücü və Müzəffər Ali Baş Komandanın dəmir yumruğu, ölçülü siyasi gedişləri hesabına əldə edildi”
Nuriyevin sözlərinə görə, sentyabrın 28-də yayılan sənəd separatçılığı bitirən səbəb kimi qəbul edilməməlidir. Onun fikrincə, bu sənəd artıq baş vermiş məğlubiyyətin nəticəsi olub.
“O, artıq baş vermiş məğlubiyyətin nəticəsi, məğlub edilmiş separatçı rejimin öz sonunu yazılı şəkildə etiraf etməsi idi. Suverenlik kimdənsə alınan icazə deyil. Dövlətin öz ərazisi və orada fəaliyyət göstərən silahlı qüvvələr üzərində müstəsna hakimiyyətidir. Bu hakimiyyət bölünmür, qanunsuz silahlı qurumla paylaşılmır. Heç bir dövlət öz daxilində paralel orduya, paralel idarəçiliyə və silah gücünə qurulmuş separatçı rejimə dözməz. Qarabağda yaradılmış qurum da mahiyyətinə görə silahlı separatçı xunta idi. Onun “dövlət” adlandırılması, ayrı-ayrı şəxslərin “prezident”, “nazir” və ya “deputat” titullarından istifadə etməsi mahiyyəti dəyişmirdi. Ortada qanundan kənar silahlı qüvvə, qanunsuz idarəçilik və Azərbaycanın suverenliyinə qarşı ərazi iddiası vardı. Sentyabrın 28-də həmin qondarma rejimin sonuncu “rəhbəri”, özünü “Artsax Respublikasının prezidenti” adlandıran Samvel Şahramanyanın imzaladığı bildirilən sənəd yayıldı. Orada tabelikdə olan bütün “dövlət qurumlarının” 2024-cü il yanvarın 1-dək buraxılması və “Dağlıq Qarabağ Respublikası (Artsax)” adlandırılan qurumun mövcudluğuna son qoyması nəzərdə tutulurdu. Bu, dövlətin ləğvi sənədi deyildi. Azərbaycan ərazisində ikinci dövlət heç vaxt olmayıb. Ləğv edilən silahla yaradılmış qanunsuz idarəçilik aparatı idi. Şahramanyanın “fərman” adlandırdığı mətn həmin aparatın məğlubiyyətini və özünü buraxdığını təsdiqləyən birtərəfli sənəd idi. Qarabağın Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində olması münaqişənin heç bir mərhələsində hüquqi baxımdan dəyişməyib. BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələri region dövlətlərinin suverenliyinə və ərazi bütövlüyünə hörməti bir daha təsdiqləyib, işğalçı qüvvələrin Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmasını tələb edib. BMT-nin heç bir üzv dövləti qondarma “Dağlıq Qarabağ Respublikası”nı tanımayıb”
Nuriyev diqqətə çatdırıb ki, Ermənistan rəhbərliyinin öz açıqlamaları da separatçı dairələrin istinad edə biləcəyi son siyasi bəhanəni aradan qaldırır.
“Baş nazir Nikol Paşinyan 2023-cü ilin mayında Ermənistanın Azərbaycanın 86,6 min kvadratkilometrlik ərazi bütövlüyünü tanıdığını, sonrakı açıqlamalarında isə Qarabağın da bu əraziyə daxil olduğunu bildirdi. Xarici işlər naziri Ararat Mirzoyan 8 may 2025-ci ildə parlamentdə Ermənistanın qondarma “Dağlıq Qarabağ Respublikası”nı heç vaxt tanımadığını etiraf etdi. Qarabağı Azərbaycanın ərazisi kimi tanıyan Ermənistan özünün belə tanımadığı qondarma qurum üçün hüquqi davamlılıq iddiası irəli sürə bilməz. Bu bəyanatlardan sonra “status”, “mühacir hökuməti” və ya “dövlət təsisatlarının davamı” haqqında danışmaq hüquqi mövqe deyil, revanşizmdir”
Nuriyevin fikrincə, 28 sentyabr sənədinin giriş hissəsi separatçı rejimin necə çökdüyünü onun öz dilində göstərir. Orada mürəkkəb hərbi-siyasi vəziyyətdən, silahın yerə qoyulmasından, Rusiya sülhməramlı kontingenti komandanlığının vasitəçiliyindən və keçid məsələsindən bəhs olunur. Onun sözlərinə görə, ən mühüm hüquqi-siyasi etiraf məhz silahın yerə qoyulması olub — illərlə “dövlət” görüntüsü yaratmış rejim öz silahlı dayağının sıradan çıxdığını təsdiqləyib.
Azərbaycan Müdafiə Nazirliyinin 20 sentyabr 2023-cü il tarixli rəsmi məlumatında Qarabağda “Ermənistan silahlı qüvvələrinin birləşmələri” ilə “qeyri-qanuni erməni silahlı dəstələri” ayrı-ayrılıqda göstərilib. Nuriyev bildirib ki, irəli sürülən şərtlər dəqiq olub: bu strukturlar silahı yerə qoymalı, mövqelərdən çıxmalı və tam tərksilah edilməli idi, Ermənistan silahlı qüvvələrinin birləşmələri isə Azərbaycan ərazisini tərk etməli, qeyri-qanuni dəstələr isə buraxılmalı idi.
Onun sözlərinə görə, bu rəsmi təsnifat 28 sentyabr sənədində işlədilən “hərbi qulluqçular” ifadəsinin hüquqi əsassızlığını ortaya qoyur — separatçı rejimin öz silahlı üzvlərinə belə demesi onları qanuni hərbi qulluqçuya çevirmirdi.
Nuriyev vurğulayıb ki, Azərbaycanın atdığı addım suveren iradənin həyata keçirilməsi olub və dövlət öz ərazisində konstitusiya quruluşunu təmin etməli, qanunsuz silahlı strukturları aradan qaldırmalı idi. Prezident İlham Əliyev həmin hadisələrin hüquqi və siyasi mahiyyətini belə ifadə edib:
“Antiterror əməliyyatı beynəlxalq hüququn təntənəsidir, Azərbaycan xalqının əyilməz ruhunun təntənəsidir”
Nuriyevin sözlərinə görə, bu qiymətləndirmə 28 sentyabr sənədinin tarixdəki yerini də müəyyənləşdirir: əvvəl Azərbaycanın Qələbəsi və suverenliyinin tam təmin olunması, sonra isə məğlub edilmiş separatçı rejimin öz sonunu etiraf etməsi baş verib.
Nuriyev qeyd edib ki, sentyabrın 28-də imzalanan sənədin birinci bəndi separatçı rejimin institusional sonunu açıq şəkildə elan edib — bütün “dövlət qurumlarının” 2024-cü il yanvarın 1-dək buraxılması və qurumun mövcudluğuna son qoyulması nəzərdə tutulub. Onun sözlərinə görə, bu, separatçı layihənin bütövlükdə bağlanması demək idi və mətn gələcəkdə “mühacir hökuməti” yaratmaq üçün heç bir hüquqi əsas müəyyən etmirdi.
Nuriyev bildirib ki, Şahramanyanın sonradan əvvəlki sənədi etibarsız sayan başqa bir “fərman” imzaladığı barədə məlumat yayılsa da, Azərbaycan ərazisində heç bir səlahiyyəti olmayan şəxsin İrəvanda imzaladığı növbəti kağız hüquqi vəziyyəti dəyişə bilməz. Onun sözlərinə görə, Ermənistan silahlı qüvvələrinin birləşmələri artıq Azərbaycan ərazisini tərk edib, qeyri-qanuni silahlı dəstələr tərksilah olunub və buraxılıb, separatçı idarəçilik isə fəaliyyətini dayandırıb.
Nuriyev fikrini yekunlaşdıraraq bildirib ki, Ermənistan öz ərazisində revanşist təşkilatlanmaya imkan verməməli, ərazi iddiası irəli sürən qondarma strukturlara siyasi və maliyyə dəstəyi göstərməkdən çəkinməlidir.
“Bu məsələ birdəfəlik bağlanıb. Geri dönüş yoxdur. Ermənistan Azərbaycanın səbrini sınağa çəkməyin təhlükəli məşğuliyyət olmasını unutmamalıdır”