Beynəlxalq Münasibətlərin Təhlili və Multikulturalizm Mərkəzinin (BMTMM) İdarə Heyətinin sədri Fərid Şəfiyev bildirib ki, Azərbaycanın erməni kilsələrini albanlaşdırdığı iddiaları əsassızdır və bu məsələyə elmi yanaşmaq lazımdır.
Beynəlxalq Münasibətlərin Təhlili və Multikulturalizm Mərkəzinin (BMTMM) İdarə Heyətinin sədri Fərid Şəfiyev deyib ki, Azərbaycana tez-tez, xüsusən diplomatik səviyyədə, ölkə ərazisindəki erməni kilsələrini albanlaşdırmağa çalışdığı barədə ittihamlar yönəldilir.
“Bizə həmişə, xüsusilə diplomatik müstəvidə, belə ittihamlar irəli sürülür ki, guya Azərbaycan ərazisindəki erməni kilsələrini albanlaşdırmağa çalışırıq. Buna tarixçilərimiz və kilsə tarixi ilə məşğul olan mütəxəssislərimiz tam cavab verməlidirlər”
Şəfiyev bu fikirləri “Azərbaycanın dövlətçilik tarixində Qafqaz Albaniyası irsi” mövzusuna həsr olunmuş tədbirdə səsləndirib.
Şəfiyevin sözlərinə görə, bu mövzuda emosional münasibətdən uzaq olmaq vacibdir. O qeyd edib ki, Azərbaycan ərazisində həm erməni kilsələri, həm də digər xristian məbədləri mövcuddur və bu, hamıya məlum faktdır.
“Burada emosiyalara qapılmaq lazım deyil. Azərbaycan ərazisində erməni kilsələri də var, xristian kilsələri də. Məsələn, Bakının mərkəzində erməni kilsəsinin olduğunu hamımız bilirik. Bizim mövqeyimiz ondan ibarət deyil ki, Azərbaycan ərazisində mövcud olmuş bütün xristian irsini özümüzünkü hesab edək”
Onun sözlərinə əsasən, əsl problem Qafqaz Albaniyasının tarixinin inkar olunması və bu tarixin bütövlükdə erməni tarixi kimi təqdim edilməyə çalışılmasıdır.
Şəfiyev bildirib ki, Qafqaz Albaniyasının tarixi bölgənin xristian irsi və keçmişi baxımından mühüm yer tutur. Bu səbəbdən məsələyə elmi əsaslarla, hisslərə uymadan yanaşılmalıdır.
“Qafqaz Albaniyasının tarixinin bu bölgənin xristian irsi və tarixi ilə bağlı mühüm yeri var. Buna görə də məsələyə elmi əsaslarla, emosiyalara varmadan cavab vermək lazımdır”