Ağdam rayonunun Evoğlu kəndində yerləşən Əsgər Əliyev adına tam orta məktəbin binası aşınıb, kənd sakinləri uşaqların təhlükəsizliyindən narahatdır.
Ağdam rayonunun Evoğlu kəndində fəaliyyət göstərən Əsgər Əliyev adına tam orta məktəbin binası ağır vəziyyətdədir. Kənd sakini Vüsal Zamanzadə bildirib ki, təhsil ocağının bəzi hissələri uçub-dağılır və bu, hər gün burada oxuyan şagirdlər üçün ciddi risk yaradır.
“Ağdam rayonunun Evoğlu kəndində yerləşən Əsgər Əliyev adına tam orta məktəb acınacaqlı vəziyyətdədir. Binanın bəzi hissələri uçub-dağılır. Ən böyük narahatlığımız isə uşaqların hər gün bu binada təhsil almasıdır”.
Vüsal Zamanzadə vaxtilə həmin məktəbdə təhsil aldığını xatırladaraq, gələcəkdə öz övladının da burada oxumasından ehtiyat etdiyini deyib. O həmçinin binanın yerləşdiyi ərazinin strateji əhəmiyyətinə diqqət çəkib.
“Bir zamanlar təhsil aldığım bu məktəb hazırda bərbad və acınacaqlı haldadır. Gələcəkdə övladımı bu məktəbə göndərməyə qorxuram. Lap mənim övladım olmasın, qonşunun övladı olsun, fərqi yoxdur. Burada dərs keçilməsi uşaqlarımız üçün təhlükəlidir. Bu məktəbin qarşısından birbaşa Qarabağ istiqamətinə keçmək mümkündür. Kəndimiz “Qarabağın qapısı” sayılır. Belə bir ərazidə təhsil ocağına biganə qalmaq düzgün deyil. Bu məktəb axırıncı dəfə 30 il öncə təmir edilib”.
Kənd sakini əlavə edib ki, bina ilə bağlı yerli əhali dövlət qurumlarına dəfələrlə müraciət etsə də, hələ ki nəticə əldə olunmayıb.
“Elm və Təhsil Nazirliyinə, Ağdam Rayon İcra Hakimiyyətinə müraciət etmişik, lakin problem hələ də həll olunmayıb. Məktəbin əsaslı şəkildə təmir olunmasına və ya yeni binanın tikilməsinə ehtiyac var”.
Məsələ ilə bağlı Qarabağ Regional Təhsil İdarəsinə göndərilən sorğuya cavab olaraq bildirilib ki, yeni məktəb binalarının tikintisi və mövcud binaların əsaslı təmiri idarənin əsas prioritetlərindən biridir. Qurum həmçinin Evoğlu kəndindəki məktəbin ümumi vəziyyətindən xəbərdar olduğunu vurğulayıb.
“Son bir il ərzində Qarabağ Regional Təhsil İdarəsinin tabeliyində olan 30-dan çox məktəbdə cari, 16 məktəbdə isə əsaslı təmir işləri aparılıb və 1 məktəb binası sökülərək yenidən tikilib. Ağdamın Əsgər Əliyev adına Evoğlu kənd tam orta ümumtəhsil məktəbinin ümumi vəziyyətindən xəbərdarıq. Qeyd edirik ki, adıçəkilən təhsil müəssisəsinin həyətyanı modul tipli məktəbin tiktisinə başlanılıb. Təhsil müəssisəslərinin təmiri və tikintisi növbəlilik və prioritetlik prinsipi əsasında həyata keçirilir”.
Problemlə bağlı Fövqəladə Hallar Nazirliyinə edilən müraciətə cavab olaraq bildirilib ki, məktəb binasında aparılan vizual baxış zamanı ciddi problemlər müşahidə edilib. Nazirlik binanın divarlarında çatlar, döşəmələrdə yararsızlıq və səthlərdə aşınmalar olduğunu təsdiqləyib.
“Ağdam rayonu, Evoğlu kəndində yerləşən Əsgər Əliyev adına tam orta məktəb binasına vizual baxış zamanı daxili və xarici səthlərdə aşınmalar, döşəmələrin yararsız halda olması, əsas yükdaşıyan divarlarda çatlar müşahidə edilib. Məlumat üçün qeyd edək ki, hazırda məktəbin ərazisində 90 şagird yerlik modul tipli məktəb binası inşa edilir. Modul tipli məktəb binasının layihəsinə FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Təsisatdankənar Dövlət Ekspertiza Baş İdarəsi tərəfindən müvafiq rəy verilib”.
Beləliklə, məktəbin ərazisində artıq 90 şagird yerlik yeni modul tipli bina inşa olunur və bu layihə müvafiq dövlət qurumları tərəfindən təsdiqlənib.