Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ Prezidenti Donald Tramp ilə telefonla danışdığını və Nyu-Yorkda görüşmək barədə razılığa gəldiklərini bildirib.
Ukrayna Prezidenti Volodimir Zelenski Amerika Birləşmiş Ştatlarının lideri Donald Tramp ilə telefon danışığı keçirdiyini açıqlayıb. Bu barədə o, öz "X" hesabında məlumat yayıb.
"Az əvvəl Prezident Trampla danışdım. Bu, mühüm bir söhbət idi və bir çox məsələni müzakirə etdik. Biz Nyu-Yorkda görüşmək barədə razılığa gəldik və bu görüş çox şeyi dəyişə bilər. Hazırda diplomatik fəallıq müşahidə olunur", - deyə Zelenski bildirib.
Ukrayna lideri həmçinin ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff və Cared Kuşnerin Kiyevə səfərinə görə minnətdarlığını çatdırıb. Onun sözlərinə əsasən, tərəflər söhbət zamanı əsas mövzuları geniş şəkildə araşdırıblar, Uitkoff və Kuşner isə Ukraynadakı vəziyyəti öz gözləri ilə görmək imkanı əldə ediblər.
Zelenski sülhün əldə olunmasının Ukrayna üçün ən vacib məqsəd olduğunu vurğulayıb. Onun sözlərinə görə, gərginliyin azaldılması, fundamental təhlükəsizlik təminatları, o cümlədən enerji və ərzaq təhlükəsizliyi, habelə insan həyatının qorunması istiqamətində konkret ideyalar mövcuddur.
"Biz Amerika komandası ilə birlikdə işləyirik və həqiqətən, ciddi addımlar atmağa hazırıq", - deyə Zelenski yazıb.
Ukrayna Prezidenti ayrıca olaraq Lindsi Qremin təqdim etdiyi qanun layihəsini təsdiqlədiyinə görə Tramp Trampa minnətdarlığını bildirib.
"Hamımız həmfikirik: sülh bərqərar olmalıdır. Ukraynanın yanında olan hər kəsə təşəkkür edirəm! Dəstək verən hər kəsə minnətdaram!" - deyə Zelenski qeyd edib.