Azərbaycanda ovucla ödəniş sistemi istifadəyə verildi
23 sen 2026 Post redaksiyası 6 2 dəq

Azərbaycanda ovucla ödəniş sistemi istifadəyə verildi

Azərbaycanda bank kartı və ya smartfon çıxarmadan, sadəcə ovuc izi ilə ödəniş etməyə imkan verən yeni sistem tətbiq olunub.

Azərbaycanda vətəndaşlar artıq ödəniş etmək üçün bank kartı və ya telefon çıxarmaq məcburiyyətində deyil — ovucun izi vasitəsilə ödəniş aparmaq mümkün olub. Yeni texnologiya rəqəmsallaşma prosesinin növbəti addımı kimi təqdim edilib.

Sistem necə işləyir

Layihə rəhbərləri bildirib ki, bu texnologiya Çin, Amerika Birləşmiş Ştatları, Özbəkistan və digər bir sıra ölkələrin təcrübəsi nəzərə alınmaqla hazırlanıb və ölkədə gedən rəqəmsallaşma prosesinə töhfə vermək məqsədi daşıyır. Qeydiyyatdan keçmək üçün istifadəçilərə cəmi 3-5 dəqiqə lazım gəlir, bu proses MPay tətbiqi və SİMA sistemi üzərindən həyata keçirilir. Ödəniş edilərkən məbləğ birbaşa istifadəçinin cüzdan balansından tutulur.

Xəsarət ödənişə mane olmur

Texnologiyanın əsas üstünlüklərindən biri odur ki, cihaz insan əlindəki xırda cızıq və ya yaralara həssas deyil. Bunun səbəbi ondan ibarətdir ki, sistem əl izini deyil, dərinin altındakı damar strukturunu skan edir. Bundan əlavə, tətbiq istifadəçinin hər iki əlini eyni anda tanıyır, ona görə də bir əldə problem yaranarsa, digər əllə ödənişi davam etdirmək mümkündür.

Qeydiyyat rəqəmləri

Sistem keçən ayın sonlarından etibarən istifadəyə verilib və bu qısa müddət ərzində 2000-ə yaxın vətəndaş qeydiyyatdan keçərək yeni ödəniş üsulundan istifadə etməyə başlayıb.