Azərbaycan Universitetində 20 Sentyabr — Dövlət Suverenliyi Gününə həsr olunmuş tədbir təşkil edilib, tədbir zamanı Vətən uğrunda həlak olan şəhidlərin xatirəsi anılıb.
Tədbir Azərbaycanın Dövlət Himni ilə açılıb, ardınca ölkənin müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlər bir dəqiqəlik sükutla yad edilib.
Çıxışlarda Dövlət Suverenliyi Gününün əhəmiyyəti və bu günün müasir Azərbaycan dövlətçiliyinin formalaşmasındakı rolu vurğulanıb. Bildirilib ki, suverenliyin tam bərpası Prezident İlham Əliyevin siyasi iradə və qətiyyəti, Azərbaycan xalqının həmrəyliyi və Azərbaycan əsgərinin igidliyi sayəsində mümkün olub.
Tədbirdə Siyasi və ictimai elmlər kafedrasının müəllimi, tarix elmləri doktoru, dosent Bəhman Kərimov məruzə edib. O, Dövlət Suverenliyi Gününün tarixi mahiyyətini və suverenlik məfhumunun Azərbaycan tarixindəki yerini işıqlandırıb.
Kərimov suverenliyin bərpasına gətirib çıxaran tarixi prosesləri, bu yolda baş verən əhəmiyyətli hadisələri və onların ölkənin çağdaş tarixinə təsirini şərh edib. O həmçinin Azərbaycanın müstəqilliyinin və ərazi bütövlüyünün təminatı ilə nəticələnən tarixi mərhələləri təhlil edib.
Tədbir Ömürboyu təhsilə dəstək çərçivəsində Təlim-Tədris Mərkəzi və Keyfiyyət Təminatı şöbəsinin birgə təşəbbüsü ilə reallaşdırılıb. Sonda Dövlət Suverenliyi Gününə həsr olunmuş videoçarx nümayiş etdirilib.