Sabunçuda 52 qəzalı bina sökülür, sakinlər köçürülür
22 sen 2026 Post redaksiyası 5 2 dəq

Sabunçuda 52 qəzalı bina sökülür, sakinlər köçürülür

Bakının Sabunçu rayonunda 52 qəzalı çoxmənzilli yaşayış binasının mərhələli şəkildə sökülməsi və sakinlərin köçürülməsi prosesi davam edir.

Sabunçu rayonunda qəzalı vəziyyətdə olan çoxmənzilli yaşayış binalarının sökülməsi işləri sürətlə aparılır. Rayon ərazisində ümumilikdə 52 belə bina mövcuddur və onların sakinlərinin köçürülməsi ardıcıl şəkildə həyata keçirilir.

AQC İdarə Heyətinin sədri, iqtisadçı ekspert Vüqar Oruc bildirib ki, artıq 10 binada köçürülmə tamamlanıb, daha 7 binada isə bu proses yeni başlayıb.

“Hazırda Bakıxanov qəsəbəsində Ramiz Qəmbərov küçəsində yerləşən 6 bina, Aşıqalı küçəsində isə 1 bina artıq sökülüb. Bundan başqa, Həməd Sultanov və Əfəndiyev küçələri və Ramana qəsəbəsi ərazisində 11-ci və 12-ci mədən sahələrində yerləşən qəzalı binalarla bağlı sakinlərin köçürülməsi prosesinə başlanılıb”

Kompensasiya necə hesablanır?

Vüqar Orucun sözlərinə görə, söküntüdən əvvəl hər bina üzrə ayrıca qiymətləndirmə aparılır. Söküntü barədə qərar qəbul olunduqdan sonra müvafiq qiymətləndirici şirkət mənzillərin dəyərini müəyyən edir və bu əsasda kompensasiya məbləği hesablanır.

“Sabunçu rayonunun ayrı-ayrı ərazilərində yaşayış sahələri üçün kompensasiya məbləği əsasən 1 350-1 500 manat aralığında dəyişir. Rayonun mərkəzinə yaxın ərazilərdə, o cümlədən Mehmandarov və Mədəniyyət küçələri istiqamətində qiymətlər daha yüksək ola bilər”

O əlavə edib ki, qeyri-yaşayış sahələri üçün kompensasiya yaşayış sahələrinə nisbətən təxminən 20-25 faiz daha yüksək müəyyənləşdirilir.

Növbəti mərhələdə hansı küçələr söküləcək?

Vüqar Oruc bildirib ki, qəzalı binaların sökülməsi və sakinlərin köçürülməsi işləri qarşıdakı mərhələdə Məmmədəliyev, Mehdi Hüseynzadə, Səməd bəy Mehmandarov, keçmiş Əfəndiyev, hazırkı Həsən bəy Zərdabi və Həmid Araslı küçələrində də davam etdiriləcək.

“İlkin mərhələdə sökülməsi nəzərdə tutulan qəzalı binaların təxminən 20 faizi Sabunçu rayonunun payına düşür”