Bakının 8 Noyabr prospektində bir müddət əvvəl bərpa edilmiş yol hissəsi yenidən çökür, əsas hərəkət zolağında dəliklər əmələ gəlib.
Paytaxtın 8 Noyabr prospektindəki yol hissəsi əvvəllər çökmə səbəbindən təmir olunsa da, qısa müddət sonra vəziyyət təkrarlanıb. Yenidən vurulmuş asfalt qatının bir neçə yerdə çökdüyü müşahidə olunur, əsas hərəkət hissəsində isə dəliklər yaranıb.
Bu prospektdən müntəzəm istifadə edən sürücülər yaranmış vəziyyətin hərəkət zamanı ciddi çətinliklər yaratdığını deyirlər. Onların fikrincə, xüsusilə narahatedici məqam yolun təmirdən sonra qısa zaman kəsiyində yenidən yararsız hala düşməsidir.
Avtomobil Yolları Dövlət Agentliyi məsələ ilə bağlı bildirib ki, ərazidə əsaslı bərpa işləri üçün layihə üzərində iş gedir. Bunun üçün ərazidə lazımi geoloji və topoqrafik araşdırmalar aparılıb, mövcud durum təhlil olunub.
Aparılan tədqiqatların nəticələri əsasında müvafiq layihə həlləri hazırlanıb. Agentlik bildirib ki, planlaşdırılan mühəndislik işlərinin həyata keçirilməsi nəticəsində problemin tam həll olunması gözlənilir.