Şəhid Novruz Səlimovun qızı Balaxanıda mühəndisdir
25 sen 2026 Post redaksiyası 7 3 dəq

Şəhid Novruz Səlimovun qızı Balaxanıda mühəndisdir

Balakhani Operating Company LTD-nin Sabunçu rayonundakı qərargahında 1994-cü ildə qoyulmuş abidədə Birinci Qarabağ müharibəsində Füzuli uğrunda şəhid olan Novruz Səlimovun xatirəsi yaşadılır. Onun qızı Nigar Səlimova bu gün atasının bir vaxtlar çalışdığı şirkətdə mühəndis-texnoloq kimi işləyir.

Balakhani Operating Company LTD-nin (BOC) Sabunçu rayonunda yerləşən inzibati binası neft tarixinin izlərini özündə yaşadır. Orta əsrlərdən bəri yerli sakinlərin əl üsulları ilə neft çıxardığı Balaxanı yatağında bu gün çalışan işçilər hər səhər XIX əsrin sonlarındakı neft bumunu xatırladan mühitə addımlayırlar.

Ancaq qapıdan girən kimi diqqəti daha müasir bir abidə çəkir. 1994-cü ildə şirkət işçilərinin təşəbbüsü ilə Birinci Qarabağ müharibəsində həlak olan həmkarlarının xatirəsinə abidə ucaldılıb, önünə isə daim təzə güllər qoyulur.

Abidə üzərindəki şəkillərdən biri baş leytenant Novruz Səlimova aiddir. O, könüllü şəkildə cəbhəyə yollanaraq Füzuli istiqamətindəki döyüşlərdə şəhid olub. 35 illik ömrünün 13 ilini Balaxanı neft mədənlərində keçirən Səlimovun xatirəsi təkcə rəsmi anım günündə deyil, onun ailəsinin hər gün işə gəlməsi ilə yaşadılır.

Atasını heç görməyən qız onun izi ilə gedir

Novruz Səlimov şəhid olanda qızı Nigarın cəmi 40 günlük idi. Bu səbəbdən ata ilə qız heç vaxt görüşə bilməyib.

“Mənə danışılanlara görə, atam savadlı, vətənpərvər və həmkarları ilə səmimi münasibət quran olub. Mənimlə bağlı da böyük arzuları olub. Təəssüf ki, məni görmək ona qismət olmayıb. Lakin anamın dediyinə görə adımı özü seçib.”

Hazırda Nigar Səlimova “Balakhani Operating Company LTD”də mühəndis-texnoloq vəzifəsində çalışır. Anası da eyni şirkətin mərkəzi anbarında əməkdaş kimi fəaliyyət göstərir. Səlimovlar ailəsi şirkətdə çalışan 400-ə yaxın şəhid və qazi ailəsindən biridir.

Ailə üçün Balaxanıda işləmək xüsusi məna daşıyır

“Atam uzun illər burada 3cü mədəndə çalışıb. Onun əməyinin izlərini yaşatmaq mənim üçün qürurvericidir. Vaxtilə çalışdığı yerdə anamın və mənim işləməyim bizim üçün xüsusi məna daşıyır. Onun məzun olduğu AZİ, hazırda ADNSU-nun tələbəsiyəm. BOC prezidenti Rövşən Rzayev şəhid və qazi ailələrinə hər zaman böyük ehtiram və qayğı ilə yanaşdığı kimi, təhsil məsələlərində də kömək edir- atamın getdiyi neftçi yolunu davam etdirməkdə bizə dəstək göstərir. Bu yolda irəliləmək mənim üçün böyük məsuliyyətdir”.

Nigar üçün “Anım Günü” yalnız 27 sentyabr tarixi ilə məhdudlaşmır - bu, onun Balaxanıda hasilatla məşğul olduğu hər gündə yaşatdığı hissdir. Atası son döyüşə yollanmazdan əvvəl anasına “Mənim üçün darıxsan, Məmmədbağırın mahnısını dinlə” deyərək “Xatırlayarsan məni” mahnısını miras qoyub.

Ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçən bütün şəhidlərin xatirəsi dərin ehtiramla anılır.