Ləfxanım Mahmudova 34 ildən sonra Xocalıya qayıtdı
24 sen 2026 Post redaksiyası 4 2 dəq

Ləfxanım Mahmudova 34 ildən sonra Xocalıya qayıtdı

Şəhid jurnalist Çingiz Mustafayevin Xocalı soyqırımı zamanı çəkdiyi kadrlarla tanınan Ləfxanım Mahmudova 34 il sonra doğma torpağına - Xocalıya köçüb.

1992-ci ildə Xocalı faciəsi baş verəndə cəmi 9 yaşında olan Ləfxanım Mahmudova artıq 44 yaşında öz doğma yurduna qayıdaraq yeni həyata başlayıb. Ailəsi ilə birgə Xocalının Təzəbinə kəndində mənzillə təmin edilib.

Bu barədə Xankəndi şəhərində, həmçinin Ağdərə və Xocalı rayonlarında fəaliyyət göstərən Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsi məlumat yayıb.

34 il sonra doğma torpaqda

Kiçik yaşlarında göz yaşları içində tərk etdiyi Xocalıya Ləfxanım bu dəfə xoşbəxt təbəssümlə, ailəsi, övladları və nəvəsi ilə birlikdə qayıdıb. Öz duyğularını belə ifadə edib:

Şükürlər olsun. Böyük sevinc və qürur hissi keçirirəm. Bu günləri bizə yaşadan cənab Prezidentə öz dərin təşəkkürümü bildirirəm. Allah şəhidlərimizə rəhmət eləsin. Onların qanı axan bu torpaqlarda biz mütləq yaşamalıyıq ki, onların ruhu şad olsun.

Xocalı faciəsinin şahidi olub

Ləfxanım Mahmudova hələ 9 yaşında ikən Xocalı soyqırımının canlı şahidinə çevrilib. Ailəsi ilə birlikdə erməni əsirliyinə düşərək ağır işgəncələrdən keçib və yaxınlarını itirib.

Onun əsl adı Ləfxanım olsa da, o zaman soyuqdan ayaqları donan bu kiçik qızı Ağdam xəstəxanasında müalicə edən həkim ona Nərgiz adını verib.