Fövqəladə Hallar Nazirliyinin Muğan Regional Mərkəzinin təşkilatçılığı ilə İmişli rayonunda irimiqyaslı fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması istiqamətində kompleks mülki müdafiə təlimi keçirilib.
Fövqəladə Hallar Nazirliyinin (FHN) Muğan Regional Mərkəzi İmişli rayonunda "İrimiqyaslı fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə edilməsinin təşkili" adlı kompleks təlim təşkil edib.
Tədbirdə FHN-in Muğan Regional Mərkəzinin rəis müavini polkovnik-leytenant Orxan Bağırov, İmişli Rayon İcra Hakimiyyəti başçısının birinci müavini, Fövqəladə Hallar Komissiyasının sədri Mirzə Quliyev, nazirliyin aidiyyəti qurumlarının təmsilçiləri, rayonun hüquq-mühafizə orqanlarının nümayəndələri, icra hakimiyyətinin mülki müdafiə qərargahının, idarə, müəssisə və təşkilatların rəhbərləri, habelə mülki müdafiə sahəsində məsul şəxslər və dəstələrin əməkdaşları iştirak edib.
Təlimə başlamazdan əvvəl qərargahda müşavirə təşkil olunub. Çıxış edən Orxan Bağırov mülki müdafiə tədbirlərinin icra vəziyyətini qiymətləndirib, bu sahədə idarəetmə strukturlarının bir-biri ilə sıx əməkdaşlığının önəmini vurğulayıb.
Bağırov həmçinin fövqəladə halların aradan qaldırılması zamanı fəaliyyətlərin koordinasiyalı şəkildə həyata keçirilməsinin əhəmiyyətindən danışıb.
Öz növbəsində Mirzə Quliyev təlimin nə üçün vacib olduğunu izah edərək, qurumların birgə fəaliyyət göstərməsinin əhalinin təhlükəsizliyinin qorunmasında mühüm əhəmiyyət kəsb etdiyini bildirib.
Müşavirədən sonra kompleks mülki müdafiə təlimi rəsmən başlayıb. Tədbirin məqsədi fövqəladə hallar baş verdikdə əhalinin və ərazilərin qorunması üçün görülən mülki müdafiə tədbirlərinin səmərəliliyini artırmaq, idarəetmə qərarlarının vaxtında və düzgün qəbul edilməsini təmin etmək, eləcə də xilasetmə əməliyyatlarının aparılması üzrə şəxsi heyətin praktiki bacarıqlarını gücləndirmək olub.
Bundan əlavə, təlim çərçivəsində komandir-rəis heyətinin idarəetmə qabiliyyətlərinin, mülki müdafiə dəstələri üzvlərinin peşəkarlıq səviyyəsinin yüksəldilməsinə, FHN qüvvələri ilə hərbiləşdirilməmiş mülki müdafiə dəstələri arasında əlaqələndirilmiş fəaliyyətə, əməliyyat qərargahının işinin təşkilinə, həmçinin xilasetmə və digər təxirəsalınmaz işlərin görülməsi zamanı təhlükəsizlik qaydalarına əməl olunmasına diqqət yetirilib.
Təlim zamanı rayonun mülki müdafiə qüvvələri şərti fövqəladə hadisə barədə rayon rəhbərliyinə, Fövqəladə Hallar Komissiyasına və mülki müdafiə idarəetmə orqanlarına məlumat vermə prosesini icra edib.
Kompleks mülki müdafiə təlimə ümumilikdə 196 nəfər şəxsi heyət və 42 ədəd texnika cəlb olunub. Tədbir çərçivəsində FHN qüvvələri ilə rayonun mülki müdafiə dəstələri və xidmətləri arasında qarşılıqlı əməkdaşlıq yüksək səviyyədə təşkil edilib və qarşıya qoyulan bütün məqsədlərə nail olunub.