Sumqayıtda arvadını 17 bıçaqla öldürən ərə 16 il həbs
19 sen 2026 Post redaksiyası 2 2 dəq

Sumqayıtda arvadını 17 bıçaqla öldürən ərə 16 il həbs

Sumqayıtda arvadı Aygünü küçədə 17 bıçaq zərbəsi ilə öldürən Habil Bağırovun məhkəmə prosesi başa çatıb, ona 16 il azadlıqdan məhrumetmə cəzası verilib.

Sumqayıt Ağır Cinayətlər Məhkəməsi arvadını qətlə yetirməkdə təqsirləndirilən Habil Bağırovun işi üzrə yekun qərarını elan edib. Sonuncu iclasda oxunan hökmə əsasən, kişi 16 il müddətinə azadlıqdan məhrum edilib.

Məhkəmə prosesində Habil əməlini etiraf edib və zövcəsi Aygünü öldürdüyünə görə peşmançılıq keçirdiyini bildirib. İfadəsinə görə, cütlük 19 il əvvəl ailə qurub və bu evlilikdən biri hələ azyaşlı olan iki övladları dünyaya gəlib.

Ailədə soyuqluq necə yaranıb?

Habilin sözlərinə görə, Aygün restoranda işə düzələnə qədər aralarında münasibətlər kifayət qədər isti olub. Qadının işə başlamasından sonra isə ər-arvad arasında uzaqlaşma hiss olunmağa başlayıb, kişi zövcəsinin ona artıq əvvəlki kimi hörmət etmədiyini düşünüb.

Gərginlik günbəgün artdığından Habil arvadını öldürmək qərarına gəlib. O, Aygünü küçənin ortasında, 11 yaşlı qızlarının gözü qarşısında 17 dəfə bıçaqlayaraq həyatına son qoyub.

Qızın ifadəsi işdə həlledici olub

Hadisəni öz gözləri ilə görən qız araşdırmanın ilkin mərhələsində müstəntiqə anasının atası tərəfindən bıçaqlandığını deməkdən çəkinib. Lakin məhkəmə iclasında baş verənləri olduğu kimi danışıb və atasının əməlini təsdiqləyib.

Toplanmış sübutlar əsasında Habil Bağırov xüsusi amansızlıqla adam öldürməkdə təqsirli bilinib. Nəticədə məhkəmə ona 16 il müddətinə azadlıqdan məhrumetmə cəzası tətbiq edərək hökm çıxarıb.