QMİ 2027-ci il Həcc sənədlərini sentyabrdan qəbul edir
23 sen 2026 Post redaksiyası 7 2 dəq

QMİ 2027-ci il Həcc sənədlərini sentyabrdan qəbul edir

Qafqaz Müsəlmanları İdarəsi (QMİ) 2027-ci il Həcc ziyarəti üçün sənədlərin qəbuluna keçən ilə nisbətən daha erkən başlayacağını bildirib.

Qafqaz Müsəlmanları İdarəsinin Xarici Əlaqələr şöbəsinin müdiri və Həcc Elektron Sistemi rəhbəri Vüsal Cahangiri 2027-ci il Həcc ziyarəti ilə bağlı sənəd qəbulunun qaydaları barədə açıqlama verib.

Onun sözlərinə görə, bir nəfər üçün ziyarət paketinin ilkin qiyməti ötən ilki səviyyədə, yəni 6100 ABŞ dolları həcmində saxlanılıb. Bununla belə, məbləğin bir qədər artması istisna edilmir.

Qiymət artımının səbəbləri

“Qiymətin az miqdarda artma ehtimalı da istisna deyil. Dünyada baş verən məlum hadisələr fonunda, habelə Krallığın müvafiq qurumları tərəfindən xidmət paketlərinin 4-dən 3-ə endirilməsi, yeni xidmətlərin artırılması səbəbi ilə müəyyən qiymət artımlarının olması qaçılmazdır. Ziyarət, həmişə olduğu kimi vahid formada təşkil ediləcək və hava nəqliyyatı ilə həyata keçiriləcək.”

Tələb olunan sənədlərin siyahısı

Vüsal Cahangirinin bildirdiyinə görə, Həcc ziyarətinə yazılmaq istəyən vətəndaşlardan aşağıdakı sənədlər tələb olunur:

  • Ümumvətəndaş pasportu (ən azı 1 il vaxtı olmalıdır)
  • Şəxsiyyət vəsiqəsinin surəti
  • 5 sm × 5 sm ölçüdə 2 ədəd ağ fonda çəkilmiş rəngli fotoşəkil (qadınlar tünd hicabda)
  • Sağlamlıq haqqında arayış

Qəbul harada və nə vaxt aparılacaq

“Sənədlərin qəbulu 24 sentyabr 2026-cı il tarixdən etibarən iş günləri ərzində saat 10:00-dan 16:00-a kimi Qafqaz Müsəlmanları İdarəsinin Bakı şəhəri, Mirzə Fətəli küçəsi 7 ünvanında yerləşən inzibati binasında aparılacaq.”

Vüsal Cahangiri əlavə edib ki, Həcc və Ümrə nazirliyinin tələblərinə əsasən sənədlərin qeydiyyatı və vizaların rəsmiləşdirilməsi prosesi bu dəfə keçən ilə nisbətən daha tez başa çatdırılmalıdır. Bu səbəbdən Həccə getmək niyyətində olan vətəndaşlara qeydiyyatdan gecikmədən keçmək tövsiyə olunub.