Naxçıvan Dövlət Universitetinin təşkilatçılığı ilə keçirilən I Naxçıvan Beynəlxalq Tibb Günləri – 2026-nın açılış mərasimi baş tutub.
Naxçıvan Dövlət Universitetinin ev sahibliyi, Ankara Universitetinin (Türkiyə), Avrasiya Qastroenteroloji Cəmiyyətinin (Türkiyə) və Azərbaycan Endoskopik Laparoskopik Cərrahlar Cəmiyyəti İctimai Birliyinin birgə təşkilatçılığı ilə I Naxçıvan Beynəlxalq Tibb Günləri – 2026 öz işinə başlayıb. Tədbirin iştirakçıları açılışdan əvvəl Naxçıvan şəhərinin mərkəzində ucaldılan Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət ediblər.
Qonaqlar abidə önünə gül dəstələri qoyaraq Ulu Öndərin xatirəsini ehtiramla yad ediblər. Bundan sonra onlar Heydər Əliyev Muzeyi ilə tanışlıq ediblər.
Açılış mərasimində Heydər Əliyevin və Vətən uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla anılıb, ardınca Azərbaycan Respublikasının Dövlət Himni səslənib. Tədbirdə Avropa, Amerika və türkdilli dövlətlərdən tanınmış alimlər, həkimlər, tibb mütəxəssisləri, həmçinin rezidentlər və tələbələr iştirak edib.
Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev açılış mərasimini giriş sözü ilə başlayaraq qonaqları salamlayıb. O bildirib ki, universitetdə tibb istiqamətində elmi və praktiki tədbirlərin keçirilməsi artıq ənənəvi xarakter alıb.
Rektor həmçinin NDU-da tibb təhsilinin inkişaf mərhələlərinə toxunaraq, Tibb fakültəsi məzunlarının ölkədaxilində və xaricdə uğurla çalışmasının qürur doğurduğunu vurğulayıb. İsayev müasir standartlara cavab verən tibb təhsili modelinin qurulması, səhiyyə xidmətlərinin keyfiyyətinin artırılması istiqamətində görüləcək işlərdən danışıb və bu sahədəki layihələrin əhəmiyyətini qeyd edib.
Naxçıvan Muxtar Respublikası səhiyyə nazirinin müavini, nazir vəzifələrini müvəqqəti icra edən Rəşadət Nabatov çıxış edərək universitet ilə səhiyyə qurumları arasındakı əməkdaşlığın vacibliyini vurğulayıb.
Bildirib ki, əməkdaşlıq çərçivəsində NDU tələbələrinin muxtar respublikanın müxtəlif xəstəxanalarında praktiki təcrübə keçməsi, birgə maarifləndirici tədbirlərin təşkili və tibb sahəsində bilik mübadiləsinin aparılması regionda səhiyyənin inkişafına mühüm töhfə verir.
Tədbirdə çıxış edənlər arasında aşağıdakı şəxslər olub:
Natiqlər öz çıxışlarında I Naxçıvan Beynəlxalq Tibb Günlərinin mütəxəssislər, alimlər və tələbələr arasında təcrübə mübadiləsi, yeni tibbi metodların müzakirəsi və beynəlxalq əlaqələrin genişlənməsi baxımından önəmini qeyd ediblər. Mərasimin sonunda tədbirin təşkilinə dəstək göstərənlərə təşəkkür plaketləri təqdim olunub.
Açılış mərasimi NDU Konservatoriyasının müəllim və tələbələrinin ifa etdiyi konsert proqramı ilə başa çatıb. Azərbaycan musiqisindən nümunələrin səsləndirildiyi proqram salonda xoş əhval-ruhiyyə yaradıb və alqışlarla qarşılanıb.
Qeyd olunub ki, I Naxçıvan Beynəlxalq Tibb Günləri çərçivəsində XXIII Avrasiya Qastroenteroloji Cəmiyyəti Konqresi, Cərrahi və Mama-Ginekoloji Problemlərə Multidissiplinar Yanaşmalar üzrə Beynəlxalq Konqres, eləcə də müxtəlif beynəlxalq kurslar, master-klaslar, praktiki təlimlər, canlı endoskopik və cərrahi nümayişlər, panel müzakirələri, simpoziumlar, elmi təqdimatlar və tələbə sessiyaları təşkil olunacaq.
Üç günlük tədbir çərçivəsində əhaliyə ödənişsiz tibbi aksiyalar da keçiriləcək. Bu müddətdə ümumi cərrahiyyə, onkologiya, endoskopiya, radiologiya, mama-ginekologiya, anesteziologiya-reanimatologiya, uşaq və plastik-rekonstruktiv cərrahiyyə, habelə digər tibb sahələri üzrə aktual mövzular müzakirə olunacaq.