Xaricdə təhsil xidmətləri göstərən “AİD Group” şirkətinin təsisçisi Nigar Fərhad dələduzluq və vəzifə səlahiyyətlərindən sui-istifadə ittihamı ilə cinayət məsuliyyətinə cəlb edilib. Şirkətlə bağlı çoxsaylı müştəri şikayətləri araşdırılır.
Xaricdə təhsil almaq istəyən vətəndaşlara xidmət göstərən “AİD Group” şirkəti ilə bağlı narazılıq bildirən şəxslərin sayı get-gedə çoxalır. Bu şəxslərdən biri də Bakı sakini Rüfət Mikayılovdur.
Rüfət iki il əvvəl ABŞ-də təhsil almaq məqsədilə həmin şirkətə üz tutub. Ona ilk təqdim olunan müqavilə şərtlərini qəbul edərək 2 min dollar ödəyib.
Lakin sonradan onun qarşısına çıxarılan yeni müqavilədə ilkin sənəddəki şərtlərdən kənar bəndlər yer alıb. Belə ki, viza üçün əlavə 850 manat tələb olunduğu, həmçinin bir sıra digər əlavə şərtlərin daxil edildiyi ortaya çıxıb.
Yeni şərtlərlə tanış olan Rüfət “AİD Group” ilə ilkin razılaşmadan imtina etdiyini bildirib. O, bununla bağlı təfərrüatları belə açıqlayıb:
“Əvvəl danışdıqlarımızdan fərqli şərtlərlə tanış olan kimi müraciətimə xitam verilməsini tələb etdim. Şirkətin yaratdığı “WhatsApp” qrupunda da bu barədə məlumat verdim. Qayda belədir ki, müqavilədən bir həftə ərzində imtina edildikdə ödənilən məbləğin yarısı geri qaytarılmalıdır. Amma bu vaxta qədər verdiyim 2 min dollardan 1 manat belə qaytarılmayıb. Sonuncu dəfə polisdə şikayət ərizəsi yazdım, prokurorluqdan mənə zəng ediləcəyini dedilər. Hələlik heç bir xəbər yoxdur”.
Rüfət həmçinin bildirib ki, şirkətin ofisinə daxil olarkən girişdə telefonu əlindən alınıb. Onun sözlərinə görə, bu qayda söhbətlərin səsyazısının aparılmasının qarşısını almaq üçün bütün müştərilərə şamil edilib.
“AİD Group” şirkətinin fəaliyyəti ilə bağlı hazırda Baş Prokurorluğun İstintaq İdarəsində geniş araşdırma aparılır. Bildirilir ki, bəzi zərərçəkmişlərə dəymiş ziyan artıq ödənilib.
Əldə olunan məlumata görə, Nigar Fərhad barəsində artıq cinayət işi başlanıb. Ona Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq) və 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri üzrə ittiham elan olunub. Barəsində “başqa yerə getməmək haqqında” qətimkan tədbiri seçilib.
Bu ittihamlar məhkəmə araşdırması nəticəsində təsdiqini taparsa, Nigar Fərhadı 5 ildən 10 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir.
Qeyd olunmalıdır ki, “AİD Group” iki ay əvvəl fəaliyyətini tamamilə dayandırıb. Şirkətin faktiki rəhbəri Samir Yəhyazadə isə Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən artıq həbs edilib.
Samir Yəhyazadə Nigar Fərhadın həyat yoldaşıdır.