Gəncədə klinika davası: Mehdiyevin kürəkəni ittiham olunur
18 sen 2026 Post redaksiyası 6 3 dəq

Gəncədə klinika davası: Mehdiyevin kürəkəni ittiham olunur

Gəncədəki Yeni Gəncə Tibb Mərkəzinin təsisçisi Nərminə Səfərova iddia edib ki, müəssisə 2017-ci ildə ailəsinin əlindən zorla alınıb və yalnız 2025-ci ilin noyabrında, 600 min manatdan artıq borcla geri qaytarılıb.

Gəncə şəhərində fəaliyyət göstərən Yeni Gəncə Tibb Mərkəzinin sahibi olduğu “İntermedservis” MMC-nin təsisçisi və direktoru Nərminə Səfərova ailə müəssisəsi ətrafında yaşanan uzun sürən mübahisəni ictimailəşdirib. Onun sözlərinə görə, klinika 9 il əvvəl faktiki olaraq ailəsinin nəzarətindən çıxarılıb və bu proses hazırda məhkəmə müstəvisinə keçib.

Səfərova bildirib ki, müəssisənin əsas qurucusu olan həyat yoldaşı S.Allahverdiyev idarəetmədən uzaqlaşdırılıb, özü isə payçı statusunda olsa da, şirkətin maliyyə vəziyyəti və fəaliyyəti barədə heç bir məlumat ala bilməyib.

“2017-ci ilin aprelində İlham Əliyev “qoçuları” ilə klinikaya gəlib, direktor otağının qıfılını qırıb, S.Allahverdiyevi müəssisədən uzaqlaşdırıblar. Bundan sonra biz 2025-ci ilin noyabrınadək klinikanın real idarəçiliyindən kənarda saxlanıldıq, uzun illər öz hüquqlarımızı bərpa edə bilmədik. Əlbəttə, bu, İlham Əliyevin qayınatası Ramiz Mehdiyevin malik olduğu siyasi və inzibati nüfuzun mümkün təsiri ilə olub”

İdarəçilik geri qaytarıldı, lakin borclarla

Səfərovanın sözlərinə görə, vəziyyət 2025-ci ilin noyabrında dəyişib və uzun fasilədən sonra o, yenidən klinikanın işinə cəlb olunub.

“Təxminən səkkiz ildən sonra mən yenidən klinikaya dəvət olundum və müəssisənin idarəçiliyi faktiki olaraq bizə geri qaytarıldı. Lakin bu zaman biz ağır vəziyyətə düşmüş müəssisə ilə qarşılaşdıq. Belə ki, əvvəlki idarəçilik dövründən klinikaya 600 min manatdan artıq borc, 100 minlərlə həcmdə vergi öhdəlikləri və ciddi maddi-texniki problemlər qalıb”

Sahibkar əlavə edib ki, indi klinikanı yenidən fəaliyyətə qaytarmağa, tibbi xidmətin səviyyəsini yüksəltməyə, işçilərlə əmək münasibətlərini rəsmiləşdirməyə və dövlət qarşısında vergi öhdəliklərini yerinə yetirməyə çalışırlar. Buna baxmayaraq, əvvəlki dövrdən qalan borc yükü müəssisənin normal işləməsinə mane olur.

Audit nəticələrində milyonluq zərər aşkarlanıb

Səfərova bildirib ki, klinika geri qaytarıldıqdan sonra lisenziyalı audit şirkəti tərəfindən yoxlama keçirilib və nəticədə bir sıra ciddi maliyyə pozuntuları aşkar edilib.

“Bizə bu müddətdə 3.8 milyon manatdan artıq dividend ödənilməyib. Həmçinin işçilər və digər tərəfdaşların adına 600 min manata yaxın borc yığılıb. Klinikanın avadanlıqlarına baxım olmadığı üçün bir çox əhəmiyyətli cihazlar yararsız hala düşüb və ya oğurlanıb. Yığılmış vergi borcu isə yarım milyon manat həddindədir. Bina da bu müddətdə baxımsız qalıb, tamamilə amortizasiya olub, nəqliyyat vasitələri sıradan çıxıb. Maddi-texniki bazaya da təxminən 1,5 milyon manatlıq zərər vurulub”

Onun sözlərinə görə, audit zamanı 2023–2025-ci illər üzrə 100 minlərlə manatlıq şübhəli elektron qaimələr, nağdlaşdırma əməliyyatları və böyük həcmdə silinmiş xidmətlərə dair faktlar da üzə çıxıb.

Digər payçılara qarşı iddialar irəli sürülüb

Səfərova bildirib ki, audit nəticələri və digər sənədlər aidiyyəti dövlət və hüquq-mühafizə orqanlarına təqdim ediləcək və bütün bu hallara hüquqi qiymət verilməlidir. O həmçinin qeyd edib ki, başlamaqda olan məhkəmə proseslərində onu faktiki olaraq payından məhrum etmiş digər üç payçı - İlham Əlisəftər oğlu Əliyev, Fərid Akif oğlu Sadıqov və Səftər Fikrət oğlu Əliyev də iddialara cavab verməli olacaqlar.

“Onlar tərəfindən müəssisədəki payımdan necə məhrum edildiyimi, müəssisənin həmin illərdə necə idarə olunduğunu və 100 minlərlə manatlıq borcların hansı şəraitdə yarandığı məsələləri bir-bir qaldırılacaq. Məhkəmə və digər hüquqi proseslər irəlilədikcə, indiyədək ictimaiyyətə məlum olmayan sənədlər və faktları da mərhələli şəkildə açıqlayacağıq”