Udi xristianları Gəncəsər monastırında ayin keçirib
24 sen 2026 Post redaksiyası 3 2 dəq

Udi xristianları Gəncəsər monastırında ayin keçirib

"Euronews" televiziyası Azərbaycanın Qarabağ bölgəsində yaşayan Alban-Udi xristianlarının dini ayinlərinə həsr olunmuş videoçarx yayımlayıb. Görüntülərdə icma üzvlərinin Ağdərə rayonunun Vəngli kəndi yaxınlığındakı Gəncəsər monastırında ibadət etdiyi əks olunub.

"Euronews" televiziyası Azərbaycanın Qarabağ bölgəsində yaşayan Alban-Udi xristianlarının dini ayinlərinə həsr olunmuş videoçarx yayımlayıb. Görüntülərdə icma üzvlərinin Ağdərə rayonunun Vəngli kəndi yaxınlığındakı Gəncəsər monastırında ibadət etdiyi əks olunub.

Videoda vurğulanır ki, Azərbaycanın udi xristianları Qarabağın qədim xristian abidələrində əsrlər boyu davam edən ziyarət və dua ənənəsini bu gün də yaşadırlar. Udi icmasının böyük hissəsi isə Qəbələ rayonunun Nic kəndində məskunlaşıb.

Materialda bildirilir ki, Gəncəsər monastırının baş kilsəsi Həsən-Cəlal Dövlənin hakimiyyəti illərində, 1216–1238-ci illər arasında inşa edilib.

"Biz tariximizlə fəxr edirik"

Alban-Udi Xristian İcmasının sədr müavini Rafiq Danakari videoda öz fikirlərini bölüşüb.

"Bu gün müstəqilliyimizin əldə olunması sayəsində müqəddəs atalarımız tərəfindən tikilmiş monastırdayıq. Biz tariximizlə fəxr edirik"

"Euronews" qeyd edir ki, udi zəvvarlarının Gəncəsərə qayıtması eyni zamanda uzun tarixi bağların bərpası mənasını daşıyır. Ayinin udi dilində icra olunması da xüsusi vurğulanan məqamlardandır.

Digər tarixi məbədlərə ziyarətlər

Videoçarxda Alban-Udi icmasının Qarabağdakı başqa qədim xristian abidələrini də ziyarət etdiyi göstərilir. Bunların sırasında Kəlbəcər rayonundakı Xudavəng, Laçın rayonundakı Ağoğlan və Xocavənd rayonundakı Amaras monastırları var.

Azərbaycanda dini müxtəliflik

Materialda vurğulanır ki, Azərbaycan dünyəvi dövlətdir və əhalisinin böyük hissəsi müsəlmandır, lakin xristian, yəhudi və digər dini icmalar da ölkənin dini-mədəni mozaikasının bir parçasıdır. "Euronews" həmçinin qeyd edir ki, müasir Azərbaycan ərazisində xristianlıq qədim köklərə malikdir.

Nümunə olaraq Şəki yaxınlığındakı Kiş kilsəsi və Qəbələ rayonunun Nic kəndində udi icmasının xristian dini ənənələrini yaşatması göstərilir. Videoda həmçinin Qarabağdakı tarixi xristian abidələrinin qorunması və onların tarixi kimliyi mövzusunun bölgənin keçmişinə dair davam edən geniş müzakirələrin bir hissəsi olaraq qaldığı bildirilir.