Xətai rayonunda Suverenlik Gününə həsr tədbir keçirildi
19 sen 2026 Post redaksiyası 3 2 dəq

Xətai rayonunda Suverenlik Gününə həsr tədbir keçirildi

Sentyabrın 18-də Xətai rayonunda "20 sentyabr – Dövlət Suverenliyi Günü"nə həsr olunmuş "Suveren Azərbaycan – Zəfərdən gələcəyə" adlı tədbir keçirilib.

Tədbiri Xətai Rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyasının Xətai rayon təşkilatı birgə təşkil edib. Ona Xətai Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev, Milli Məclisin deputatları Zahid Oruc, Vüqar Rəhimzadə, Mixael Zabelin və Pərvanə Vəliyeva qatılıb.

Tədbirdə həmçinin YAP Xətai rayon təşkilatının sədri Ramil Mirzəyev, Xalq Artisti və şəhid atası Əli Nur, rayon Ağsaqqallar Şurasının sədri, şəhid atası Mürvət Əsgərov, eləcə də şəhid ailələri və qazilər iştirak edib.

Tədbir Azərbaycanın ərazi bütövlüyü və dövlət suverenliyi uğrunda həlak olmuş şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Bundan sonra dövlət himni səsləndirilib.

20 sentyabr niyə Dövlət Suverenliyi Günü elan edilib

Çıxışçılar bildirib ki, hər il 20 sentyabr Azərbaycanda Dövlət Suverenliyi Günü kimi qeyd olunur. 2023-cü il sentyabrın 19-da Azərbaycan Silahlı Qüvvələri Qarabağ iqtisadi rayonunda lokal xarakterli antiterror tədbirlərinə başlayıb.

Sentyabrın 20-də keçirilən həmin tədbirlər nəticəsində ölkənin suverenliyinin bərpası təmin olunub. Prezident İlham Əliyevin 2024-cü il sentyabrın 19-da imzaladığı sərəncamla sentyabrın 20-si Azərbaycanda Dövlət Suverenliyi Günü elan edilib.

Bildirilib ki, bu tarix ölkənin müasir tarixində dövlət suverenliyi və ərazi bütövlüyünün bərpasını əks etdirən əlamətdar gün sayılır. Onun milli dövlətçilik ənənələrinin gələcək nəsillərə ötürülməsində də mühüm rolu var.

Şəhid ailələri minnətdarlıqlarını bildirib

Çıxışlarda şəhidlərin Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda göstərdikləri qəhrəmanlıq, eləcə də qazilərin fədakarlığı önə çəkilib. Dövlətin şəhid ailələrinə və qazilərə göstərdiyi qayğının əhəmiyyəti də vurğulanıb.

Söz alan şəhid ailələrinin üzvləri Vətən müharibəsində və ölkənin suverenliyinin bərpası uğrunda həlak olan övladlarının xatirəsinin daim uca tutulduğunu bildirib. Onlar şəhid ailələrinə və qazilərə göstərilən diqqətə görə Prezident İlham Əliyevə minnətdarlıqlarını çatdırıb.

Tədbir konsert proqramı ilə tamamlanıb

Tədbirin sonunda tanınmış incəsənət ustaları musiqi nömrələri ilə çıxış edib. Bundan sonra şəhid ailələrinə hədiyyələr təqdim olunub.