«Saxara» salonunda SMM işçisindən xadimə kimi istifadə edilib
19 sen 2026 Post redaksiyası 2 2 dəq

«Saxara» salonunda SMM işçisindən xadimə kimi istifadə edilib

Bakının «Saxara» gözəllik salonunda çalışan bir işçi SMM vəzifəsinə götürülsə də, ondan xadimə və ofisiant kimi istifadə edildiyini bildirib.

«Saxara» gözəllik salonunun «Blue Mall» filialında çalışmış bir işçi əmək şəraiti ilə bağlı ciddi iddialar səsləndirib. Şikayətçi bu barədə «APA TV»yə açıqlama verib.

Onun sözlərinə görə, salona SMM mütəxəssisi kimi işə qəbul edilsə də, əsl vəzifəsindən kənar bir sıra işlər görməyə məcbur edilib.

Əmək müqaviləsi bağlanmayıb

Əvvəlcə demişdilər ki, əmək müqaviləsi də olacaq, lakin olmadı. Ümumiyyətlə “Blue Mall” filialındakı heç bir işçinin əmək müqaviləsi yox idi. Maaşımın da yarısını kartdan-karta göndərdilər, sonra dedilər ki, “işə sabahdan gəlmə”. Maaşımın tam hissəsini tələb etsəm də, vermədilər. Bizə nahar fasiləsi də verilmirdi.

Şikayətçi bildirib ki, müştərilərə çay xidmətini də məhz onlar həyata keçiriblər.

Xadimə və ofisiant funksiyaları

Müştərilərə çayı biz gətirirdik. Masaj otaqlarının yığışdırılması, otağa nəzarət etmək kimi tələblər var idi. “Matrix” qabının içinə “Hacı Şakir”i doldururdular. Saç baxımını elə edirdilər. Bizi xadimə, ofisiant kimi istifadə edirdilər. Bunlardan narazılığımı bildirdikdə isə mənə hədə-qorxu gəldilər.

Salon rəhbərliyinin reaksiyası

İddialarla bağlı «Saxara» gözəllik salonunun rəhbəri Sərxan Qulamlı bildirib ki, məsələdən xəbərdar deyil və bunun qarayaxma kampaniyası olduğunu vurğulayıb.