Səbail rayonundakı “Yeni Şəhər” yaşayış kompleksinin sakinləri bildirib ki, hasarlanmış həyət indi park halına salınacaq. MTK rəhbəri Məmməd İsmayılov ərazini özününküləşdirmək niyyətindən əl çəkib.
Səbail rayonu, Əhəd Yaqubov küçəsi 17 ünvanında yerləşən “Yeni Şəhər” yaşayış kompleksi “Ulubəy” MTK tərəfindən inşa edilib. Bu kompleksin həyətinin hasarlanması və ərazidə MTK rəhbərinin şəxsi villa tikməsi ilə bağlı sakinlərin şikayəti əvvəllər gündəmə gəlmişdi.
Sakinlərin verdiyi son məlumata əsasən, MTK rəhbərliyi hasarlanmış həyəti park kimi istifadəyə vermək qərarına gəlib. Ərazidə “Zəfər parkı” adlanan yeni məkanın tezliklə açılacağını bildirən elanlar asılıb. Məlumata görə, “Bəy Mamed” kimi tanınan iş adamı Məmməd İsmayılov, yəni MTK-nın sahibi, əraziyə sahiblənmək fikrindən vaz keçərək onu yenidən sakinlərin istifadəsinə vermək qərarı verib.
Buna baxmayaraq, sakinlər bildirir ki, park açılışı ilə bağlı vədlər versə də, həyəti əhatə edən hasarlar hələ də yerindədir. Bu vəziyyət insanların sərbəst hərəkətinə mane olmaqla yanaşı, uşaq arabaları və velosipedlərin keçidini də çətinləşdirir.
Binanın birinci mərtəbəsində fəaliyyət göstərən “Mavi dəniz” restoranından gələn səs-küy sakinləri narahat edən məsələlərdən biridir. Sakinlərin sözlərinə görə, bu səs-küy 3-4 gün ərzində kəsilsə də, sonradan yenidən bərpa olunub.
Bununla yanaşı, kompleksdə liftlərin quraşdırılmaması, binanın su çəninin təmizlənməməsi və sakinlərə aid ərazinin şlaqbaumla məhdudlaşdırılması kimi problemlər də öz həllini tapmayıb. Əlavə olaraq, restoranın havalandırma sistemindən yayılan xoşagəlməz qoxu da sakinlərin şikayət etdiyi məsələlər sırasındadır.
Bir neçə gün əvvəl Fövqəladə Hallar Nazirliyi bu barədə göndərilən sorğuya cavab verərək bildirmişdi ki, qeyd olunan ünvandakı problemlərdən xəbərdardırlar. Nazirlik həmçinin bildirib ki, şirkət rəhbərliyinə artıq müvafiq xəbərdarlıq edilib.