İtaliya 40 illik gəmisini İndoneziyaya pulsuz verdi
23 sen 2026 Post redaksiyası 3 2 dəq

İtaliya 40 illik gəmisini İndoneziyaya pulsuz verdi

İtaliya donanmasında təxminən 40 il xidmət etmiş “Giuseppe Garibaldi” təyyarədaşıyan gəmisi heç bir ödəniş alınmadan İndoneziyaya təhvil verilib.

İtaliya donanmasında təxminən 40 il xidmət göstərmiş “Giuseppe Garibaldi” təyyarədaşıyan gəmisi İndoneziyaya heç bir ödəniş edilmədən verilib. Gəmi artıq İndoneziya Hərbi Dəniz Qüvvələrinin tərkibinə qoşulacaq və “KRI Sriwijaya” adı ilə xidmət edəcək.

Gəminin, əsasən, təbii fəlakətlərdən sonra humanitar yardımın çatdırılmasında istifadə olunması nəzərdə tutulur. Zərurət yarandığı hallarda isə hərbi missiyalarda da tətbiq edilə bilər.

Gəminin tarixi və İndoneziyaya yolu

“Giuseppe Garibaldi” 1985-ci ildə İtaliya Hərbi Dəniz Qüvvələrinin sıralarına qatılıb və təxminən 40 il ərzində çoxsaylı missiyalarda iştirak edib. İtaliyanı tərk etdikdən sonra gəmi Süveyş kanalından keçərək Misir və Şri-Lanka istiqamətində hərəkət edib, sonda Cənub-Şərqi Asiyaya çatıb.

İndoneziyanın ərazi sularına daxil olarkən gəmini iki freqat qarşılayıb və Cakartaya qədər müşayiət edib.

Komandanlıqdan açıqlama

İndoneziya Hərbi Dəniz Qüvvələrinin komandanı Məhəmməd Əli bildirib ki, gəminin yaşına baxmayaraq, onun istismar müddəti hələ də uzundur.

Onun sözlərinə görə, “KRI Sriwijaya”nın daha 15-20 il aktiv xidmət göstərməsi mümkündür.

İndoneziya donanması artıq gəmidə xidmət edəcək heyətin hazırlanmasına başlayıb. İlk mərhələdə 310 nəfərin təlim keçməsi planlaşdırılır.

Texniki imkanlar və tarixi əhəmiyyət

Gəminin ən mühüm üstünlüklərindən biri geniş hava əməliyyatları aparmaq imkanıdır. Missiyanın növündən asılı olaraq, “KRI Sriwijaya” 14 və ya daha artıq helikopter daşıya bilər ki, bu da təbii fəlakət zamanı insan gücü və avadanlığın daşınmasında əhəmiyyətli rol oynayacaq.

“Giuseppe Garibaldi”nin İndoneziya donanmasına qoşulması ölkə üçün tarixi addım sayılır, çünki bu, İndoneziyanın ilk təyyarədaşıyan sinif gəmisi olacaq. Bununla da İndoneziya Cənub-Şərqi Asiyada Taylanddan sonra bu tipli gəmiyə sahib olan ikinci dövlətə çevriləcək.

Gəmiyə verilən yeni ad — “Sriwijaya” — Sumatra adasında mövcud olmuş və əsrlər boyu Cənub-Şərqi Asiyanın önəmli dəniz gücərindən sayılan Srivijaya Krallığının adından götürülüb.