İtaliyanın baş nazir müavini və xarici işlər naziri Antonio Tayaninin qadınların geyimi ilə bağlı açıqlaması ölkədə siyasi qalmaqala çevrilib, bundan sonra nazir üzr istəyib.
Tayani sentyabrın 18-də keçirilən bir tədbirdə çıxış edərək diqqəti çox cəlb edən qadınların etibarsız və hətta xəyanətkar ola biləcəyini iddia edib. Onun sözlərinə görə, kişilər daha uzun ətək geyinən və az diqqət çəkən qadınlarla ailə qurmalıdır, çünki belə qadınlar daha sadiq və yaxşı analar ola bilər.
Nazir əlavə edib ki, cazibədar görünən qadınlar tez-tez tərəf dəyişə və xəyanətə meylli ola bilər. O, bu fikirlərini siyasi seçimlə əlaqələndirərək seçicilərə "uzun ətəkli ciddi qadın" və ya "playboy" olmayan namizədləri dəstəkləməyi məsləhət görüb.
Tayaninin sözlərindən sonra müxalif siyasətçilər sosial şəbəkələrdə mini ətəkdə çəkdirdikləri şəkilləri paylaşmağa başlayıblar. Bundan əlavə, müxalifətə mənsub 11 qadın senator rəngbərəng mini ətəklərdə Senata gələrək etirazlarını nümayiş etdiriblər.
Turinin sabiq meri, "Beş Ulduz Hərəkatı"ndan olan deputat Kiara Appendino mini ətəkli fotosunu yayaraq Tayaniyə sual verib: onun fikrincə, özü "etibarlı" qadın və "yaxşı ana" sayıla bilərmi? Appendino bildirib ki, 2026-cı ildə bir nazirin qadınlara nə geyinmələri barədə tövsiyə verməsinə yol vermək olmaz.
Mərkəz-sol Demokrat Partiyasının nümayəndəsi Matilde Tura da eyni formada foto paylaşaraq, gələcəkdə qızına ətəyinin uzunluğuna görə insanları qiymətləndirən şəxsi seçməməyi məsləhət görəcəyini bildirib.
Qadınlara qarşı zorakılığa qarşı çalışan "Telefono Rosa" təşkilatı Tayaninin açıqlamalarını qəbuledilməz adlandırıb. Təşkilatın bildirdiyinə görə, qadının xarici görünüşünə, geyiminə və davranışına müdaxilə etmək yolverilməzdir.
Yaşıl və Sol Alyansının nümayəndəsi Fiorella Zabatta isə nazirin "min illərlə geridə qaldığını" vurğulayıb. Demokrat Partiyasından deputat Alessia Morani daha sərt reaksiya göstərərək bildirib:
Bu mağara adamlarından həqiqətən bezmişəm. Artıq bəsdir!
Geniş ictimai müzakirələrə səbəb olan açıqlamalarından sonra Antonio Tayani üzr istəyib. Nyu-Yorkda keçirilən BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində açıqlama verən nazir bildirib ki, sözlərindən inciyən olubsa, buna görə üzr istəyir və qadınları incitmək kimi bir niyyətinin olmadığını vurğulayıb.