Xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 81-ci sessiyasında Azərbaycanın multikultural təcrübəsindən, beynəlxalq tədbirlərə ev sahibliyindən və COP29-dan sonrakı iqlim gündəliyindən danışıb.
Xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 81-ci sessiyasının ümumi müzakirələrində çıxış edərək bildirib ki, mürəkkəbləşən qlobal problemlərə qarşı kollektiv cavab inklüziv, ədalətli və universal xarakter daşımalıdır.
“Getdikcə mürəkkəbləşən qlobal çağırışların qarşısında bizim kollektiv cavabımız inklüziv, ədalətli və universal olmalıdır”
Nazir bildirib ki, Azərbaycan cəmiyyəti əsrlər boyu fərqli etnik, mədəni və dini qrupların dinc yanaşı yaşaması sayəsində təbiətən multikultural və çoxkonfessiyalı xarakter daşıyır. Bu ənənə ölkənin təşəbbüsü ilə yaradılan Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda öz əksini tapıb.
2008-ci ildə “Bakı Prosesi” çərçivəsində start götürən forum bu gün mədəniyyətlərarası dialoq və mədəni müxtəliflik sahəsində mühüm qlobal platformaya çevrilib, həmçinin BMT Baş Assambleyasının bir sıra qətnamələrində öz təsdiqini tapıb.
Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan beynəlxalq həmrəyliyin möhkəmləndirilməsi, əməkdaşlıq körpülərinin qurulması və kollektiv tədbirlərin səfərbər olunması istiqamətində mühüm addımlar atıb. Bu yanaşma ölkənin COP29-a və Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasına uğurlu ev sahibliyində, həmçinin Qoşulmama Hərəkatı, Türk Dövlətləri Təşkilatı və Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirədə sədrlik missiyasında öz əksini tapıb.
Bayramov əlavə edib ki, Azərbaycanın Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşündə və C6 formatında tam hüquqlu üzvlüyü regionda və onun hüdudlarından kənarda əməkdaşlıq və bağlantıları daha da gücləndirəcək.
Nazirin sözlərinə görə, Azərbaycan COP29-un ev sahibi və sədr ölkəsi qismində danışıqları balanslaşdırılmış nəticəyə yönəltməklə yanaşı, bütün tərəflərin mövqeyinin nəzərə alınmasına çalışıb.
Konfrans çərçivəsində qlobal iqlim maliyyəsi hədəfinin üç dəfə artırılması, karbon bazarı mexanizmlərini tənzimləyən 6-cı Maddənin tam işlək hala gətirilməsi, habelə iqlim dəyişikliyindən zərər çəkən həssas icmalar üçün İtki və Zərər Fondunu dəstəkləyən mexanizmlərin təkmilləşdirilməsi barədə bir sıra tarixi razılaşmalar əldə olunub.
“Bizim iqlim fəaliyyətlərinin irəliyə aparılması istiqamətindəki səylərimiz heç də COP29-un təşkili ilə bitməyib”
Nazir vurğulayıb ki, Azərbaycan danışıqlar yolu ilə əldə olunan nəticələrin praktiki icraya çevrilməsinə xüsusi diqqət yetirməklə özünün yaratdığı irsi inkişaf etdirməyə davam edir.
Onun sözlərinə görə, bu ilin sentyabr ayında Bakı şəhəri hökumətləri, beynəlxalq təşkilatları, özəl sektoru və digər maraqlı tərəfləri bir araya gətirərək, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının (UNFCCC) İqlim Həftəsinə ilk dəfə ev sahibliyi edib.