Bayramov BMT-də Azərbaycanın bərpa planını açıqladı
26 sen 2026 Post redaksiyası 6 2 dəq

Bayramov BMT-də Azərbaycanın bərpa planını açıqladı

Xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 81-ci sessiyasında Azərbaycanın sülh prosesi və münaqişədən sonrakı bərpa gündəliyi barədə çıxış edib.

Xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 81-ci sessiyasının ümumi müzakirələri çərçivəsində çıxış edərək Azərbaycanın regional sülh təşəbbüslərindən və işğaldan azad olunmuş ərazilərdə aparılan bərpa işlərindən danışıb.

Region sabitlik mərkəzinə çevrilir

Nazir bildirib ki, Azərbaycanın başlatdığı sülh gündəliyinin davam etdirilməsi bütövlükdə regionu iqtisadi baxımdan perspektivli məkana çevirir.

“Biz Azərbaycanın təşəbbüsü ilə başlanmış sülh gündəliyini irəliyə apardıqca, bütün regionumuz sabitlik, bağlantı və konkret iqtisadi dividendlərin perspektivli dayaq nöqtəsinə çevrilir”.

Normallaşma üçün son maneənin aradan qaldırılması vacibdir

Ceyhun Bayramov qeyd edib ki, artıq paraflanmış ikitərəfli sazişin imzalanaraq normallaşma prosesinin tam yekunlaşdırılması üçün qalan son əngəlin aradan qaldırılması böyük əhəmiyyət daşıyır. Onun sözlərinə görə, bu addım prosesin geriyə dönməz xarakter almasını təmin edəcək.

“Bu prosesin geridönməzliyini təmin etmək məqsədilə, artıq paraflanmış ikitərəfli sazişin imzalanması vasitəsilə normallaşma prosesinin yekunlaşdırılmasına şərait yaratmaq üçün yerdə qalan maneənin aradan qaldırılması həlledici dərəcədə zəruridir. Regional normallaşma prosesi ilə yanaşı, Azərbaycanın münaqişədən sonrakı bərpa gündəliyi nəticə etibarilə yüz minlərlə azərbaycanlının öz evlərinə təhlükəsiz və ləyaqətli qayıdış hüququnu həyata keçirə bilməsini qarşıya məqsəd qoyub. Hökumət tərəfindən həyata keçirilən genişmiqyaslı yenidənqurma işləri sayəsində azad edilmiş ərazilərimizə həyat qayıdır. Azərbaycan bütöv regionu yaşıl texnologiyalardan enerji alan “ağıllı şəhərlər” və “ağıllı kəndlər” vasitəsilə yenidən qurur. Bir zamanlar xarabalıq və külə çevrilmiş ərazilər bu gün müasir yaşayış məntəqələri kimi dirçəlir. Bu gün 90 mindən çox insan azad edilmiş ərazilərdə yaşayır, təhsil alır və işləyir”.

90 mindən çox sakin geri qayıdıb

Nazirin sözlərinə görə, azad edilmiş ərazilərdə aparılan yenidənqurma işləri nəticəsində bu bölgələr artıq müasir yaşayış məntəqələrinə çevrilib. Hazırda 90 mindən çox insan həmin ərazilərdə yaşayır, təhsil alır və çalışır.