Xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 81-ci sessiyasının ümumi müzakirələrində çıxış edərək Azərbaycanın nəqliyyat və rəqəmsal bağlantı siyasətindən, habelə TRIPP dəhlizinin regional əhəmiyyətindən danışıb.
Xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 81-ci sessiyasının ümumi müzakirələrində çıxış edib. O, Azərbaycanın enerji, nəqliyyat və rəqəmsal sahələrdə həyata keçirdiyi bağlantı siyasətinin ölkənin daha geniş regional strategiyasının bir hissəsi olduğunu vurğulayıb.
“Enerji bağlantıları Azərbaycanın regionları, bazarları və iqtisadiyyatları əlaqələndirmək üzrə daha geniş baxışının tərkib hissəsidir”.
Nazirin sözlərinə görə, Azərbaycan son illərdə müasir nəqliyyat infrastrukturuna qoyduğu sərmayələr və regional tərəfdaşlıqla Avropa ilə Asiya arasında mühüm nəqliyyat-logistika qovşağına çevrilib.
“Azərbaycan mühüm transregional bağlantı təşəbbüslərinə töhfə vermək, müasir nəqliyyat infrastrukturuna investisiya qoymaq və regional tərəfdaşlarla əməkdaşlığı genişləndirməklə, Avropa ilə Asiya arasında əsas nəqliyyat və logistika qovşağına çevrilib. 2022-ci ildən bəri Orta Dəhliz boyunca yük daşımalarının həcmində təxminən 90% artım qeydə alınıb. Bakı Beynəlxalq Dəniz Ticarət Limanı və Bakı-Tbilisi-Qars dəmir yolu daxil olmaqla, Azərbaycanın təşəbbüsü və aparıcı rolu ilə Orta Dəhliz boyunca həyata keçirilən strateji infrastruktur layihələri Asiya ilə Avropa arasında daha davamlı, şaxələndirilmiş və dayanıqlı təchizat zəncirlərinin yaradılmasına kömək edir. Bu artım, Orta Dəhlizin regional bağlantılar, ticarətin asanlaşdırılması və dayanıqlı iqtisadi inkişafın əsas hərəkətverici qüvvəsi kimi böyük potensialını nümayiş etdirir.”
Bayramov bildirib ki, Azərbaycanın bağlantı gündəliyi təkcə enerji və nəqliyyatla məhdudlaşmır, ölkə eyni zamanda rəqəmsal sahədə də regional əməkdaşlığı gücləndirir.
“Bizim bağlantılar gündəliyimiz enerji və nəqliyyat sahələrinin hüdudlarını aşır. Rəqəmsal bağlantılar regional əməkdaşlıq üçün digər mühüm sahədir. Azərbaycan, Rəqəmsal İpək Yolu kimi genişmiqyaslı təşəbbüslər vasitəsilə region boyunca yeni rəqəmsal əlaqələri inkişaf etdirir. Bu layihə Xəzər dənizindən keçməklə müasir fiber-optik şəbəkənin qurulmasını nəzərdə tutur və Azərbaycanın regional rəqəmsal qovşaq və Avropa ilə Asiya arasında əsas keçid kimi rolunu daha da gücləndirir.”
Nazir çıxışının sonunda bu bağlantı siyasətinin Cənubi Qafqazda formalaşan sülh arxitekturası ilə bağlılığına toxunub və 2025-ci il Vaşinqton Sammitində qəbul olunmuş TRIPP təşəbbüsünün regional əhəmiyyətini şərh edib.
“Bu kimi daha geniş bağlantılar gündəliyi həmçinin Cənubi Qafqazda formalaşmaqda olan sülh arxitekturası ilə sıx bağlıdır. 2025-ci il Vaşinqton Sammitinin daha bir mühüm nəticəsi olan “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu”(TRIPP) Azərbaycanın əsas hissəsi ilə onun Naxçıvan Muxtar Respublikası arasında maneəsiz multimodal bağlantıların təmin olunmasına xidmət edəcək və Zəngəzur dəhlizinin tərkib hissəsi kimi regional ticarət, iqtisadi inteqrasiya və tərəqqi üçün yeni imkanlar açacaqdır”, - nazir qeyd edib.