ABŞ Prezidenti Donald Tramp Ağ Evdə Çin Sədri Si Cinpini qarşılayıb və görüş çərçivəsində süni intellekt, texnologiya və qlobal təhlükəsizlik mövzularının müzakirə olunacağını bildirib.
ABŞ Prezidenti Donald Tramp Ağ Evdə Çin Xalq Respublikasının Sədri Si Cinpini qarşılayıb. Görüş zamanı Tramp iki ölkə arasında aparılacaq danışıqların gündəliyini açıqlayıb.
Onun sözlərinə görə, tərəflər təhlükəsizlik, texnologiya və süni intellekt sahələrində ən aktual məsələləri müzakirə edəcəklər. Tramp bildirib ki, bu görüşdə qəbul olunacaq qərarlar uzunmüddətli perspektivdə əhəmiyyət kəsb edə bilər.
Səfər çərçivəsində biz təhlükəsizlik, texnologiya və superintellekt (süni intellekt) ilə bağlı ən aktual məsələləri nəzərdən keçirəcəyik. Bu gün həmin sahələrdə qəbul edəcəyimiz qərarlar gələcək onilliklər ərzində qlobal sülhə və tərəqqiyə xidmət edə bilər. Bu görüşə böyük ümidlər bəsləyirəm və daha işıqlı gələcək naminə Si Cinpinlə birgə işləməyə hazıram. Əminəm ki, biz birlikdə böyük uğurlara imza ata bilərik.
Tramp çıxışında iki ölkənin tarixi əlaqələrinə də toxunub. O, İkinci Dünya Müharibəsi dövründə ABŞ və Çinin müttəfiq kimi birgə mübarizə apardığını xatırladıb.
Uzaq məsafələrə, böyük okeanlara və fərqliliklərə baxmayaraq, bu ortaq maraqlar xalqlarımızı tarix boyu bir-birinə bağlayıb, hətta İkinci Dünya Müharibəsində bizi müttəfiqə çevirib.
Ağ Ev rəhbəri bu məqamda həmin dövrdə Çinə köməyə göndərilən amerikalı pilotlardan – məşhur "Flying Tigers" ("Uçan pələnglər") hərbi aviasiya qrupundan da bəhs edib.
Cəsur amerikalı təyyarəçilər könüllü olaraq Çinə yollanaraq bu əfsanəvi ölkənin xilası uğrunda vuruşublar. Həmin "Flying Tigers" qrupu həqiqətən inanılmaz bir tarix yazmışdı.