İran Prezidenti Məsud Pezeşkian Nyu-Yorkda BMT Baş katibi Antonio Quterreşlə görüşündə bildirib ki, Tehran keçmiş təcrübəyə əsaslanaraq Vaşinqtona artıq inanmır.
İran Prezidenti Məsud Pezeşkian Nyu-Yorkda BMT Baş katibi Antonio Quterreşlə keçirdiyi görüşdə ölkəsinin ABŞ ilə münasibətlərinə dair sərt mövqe ortaya qoyub. Görüşdə Pezeşkian Tehranın danışıqlar prosesindən kənarlaşmadığını vurğulayıb.
“İran danışıqlar masasından ayrılmayıb. Keçmiş təcrübələrə əsaslanaraq, İran artıq ABŞ-a etibar etmir”, - Pezeşkian bildirib.
İranın regionda sülh və təhlükəsizlik naminə çalışdığını diqqətə çatdıran dövlət başçısı, ölkəsinin xaricdən gələn təzyiqlərə boyun əyməyəcəyini də əlavə edib.
Öz növbəsində BMT Baş katibi Antonio Quterreş hazırkı gərgin vəziyyətdə siyasi və diplomatik yolla həll tapılmasının vacibliyini vurğulayıb. O, bu istiqamətdə səylərin davam etdirilməsinin zəruriliyini bildirib.