ABŞ ordusu süni intellektin hazırladığı yanlış kəşfiyyat məlumatına əsaslanaraq, Yaxın Şərqdə İranın nüvə proqramı üçün komponent daşıdığı güman edilən Çin gəmisini saxlamaq üzrə hərbi hazırlığa keçib.
Bu ilin yazında ABŞ və İsrailin İrana qarşı genişmiqyaslı hücumlar həyata keçirdiyi dövrdə ABŞ ordusu qəribə bir kəşfiyyat siqnalına əsasən fövqəladə hazırlıq vəziyyətinə keçib. Dörd ABŞ mənbəsinin bildirdiyinə görə, ordu daxilində yayılan hesabatda Yaxın Şərq sularında hərəkət edən bir Çin gəmisinin İranın nüvə silahı proqramı üçün lazım olan hissələri daşıdığı iddia olunub.
Bu məlumatdan sonra hərbçilər gəmini zorla dayandırıb yoxlamaq üçün əməliyyat planlaşdırmağa başlayıblar. Söhbət açıq şəkildə hərbi müdaxilədən gedib.
Planlaşdırılan hərbi addımdan qısa müddət qalmış rəsmilər hesabatın yenidən, daha diqqətlə yoxlanılmasını tələb ediblər. Bu yoxlama zamanı ortaya çıxıb ki, məlumat əslində düzgün olmayıb.
Aydın olub ki, sözügedən kəşfiyyat sənədini ABŞ Xüsusi Əməliyyatlar Komandanlığının bir analitiki süni intellekt vasitəsilə hazırlayıb. Analitikin istifadə etdiyi çatbot proqramı gəmidəki yükün növünü səhv təyin edib.
Hadisədən xəbərdar olan ABŞ mənbələrindən biri vəziyyəti belə xarakterizə edib:
tamamilə səhv, az qala müharibəyə gətirib çıxarırdı
Həmin mənbənin sözlərinə görə, Çin gəmisinə qarşı planlaşdırılan hərbi əməliyyat, əslində, Vaşinqtonla Pekin arasında silahlı qarşıdurmaya səbəb ola biləcək ciddi risk daşıyıb. Hesabatda gəminin faktiki olaraq nə daşıdığı barədə heç bir konkret məlumat açıqlanmayıb.
ABŞ Müdafiə Nazirliyi bu məsələ ilə bağlı jurnalistlərin şərh istəyinə hər hansı cavab verməkdən imtina edib.