Xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 81-ci sessiyasında çıxış edərək Xəzər dənizində su səviyyəsinin davamlı azalmasına görə narahatlığını bildirib.
Xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 81-ci sessiyasının ümumi müzakirələri çərçivəsində çıxış edib. Nazir öz nitqində Azərbaycanın 2030-cu ilədək Gündəliyə yanaşmasının əsas istiqamətlərindən danışıb.
Bayramov bildirib ki, dayanıqlı şəhərsalma ölkənin gündəliyinin mühüm hissəsidir və bu sahə icmaların gücləndirilməsi, həyat keyfiyyətinin artırılması baxımından əhəmiyyət daşıyır.
"2030-cu ilədək Gündəliyinə yanaşmamızın digər mühüm sütunu dayanıqlı şəhərsalmadır. Dayanıqlı şəhərlər həyat keyfiyyətinin yüksəldilməsi, icmaların gücləndirilməsi və inklüziv iqtisadi və sosial inkişafın təşviqi üçün zəruridir".
Nazir əlavə edib ki, Azərbaycanın Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasına uğurla ev sahibliyi etməsi qlobal şəhərsalma gündəliyinə mühüm töhfə verib.
Bayramov qeyd edib ki, forumun yekununda qəbul olunan "Bakı Fəaliyyətə Çağırış" və "Sədrin Xülasəsi" sənədləri bu ilin iyul ayında Nyu-Yorkda keçirilən Yeni Şəhərsalma Gündəliyinin ortamüddətli icmalına həsr olunmuş Baş Assambleyanın Yüksək Səviyyəli İclasına öz töhfəsini verib.
"Forumun yekununda qəbul olunmuş 'Bakı Fəaliyyətə Çağırış' və 'Sədrin Xülasəsi' kimi əsas sənədlər nəticə etibarilə bu ilin iyul ayında Nyu-Yorkda Yeni Şəhərsalma Gündəliyinin ortamüddətli icmalına həsr olunmuş Baş Assambleyanın Yüksək Səviyyəli İclasına öz töhfəsini verib".
Nazir daha sonra ətraf mühitin qorunmasının Azərbaycan üçün mühüm milli və regional prioritet olaraq qaldığını vurğulayıb. O, xüsusilə Xəzər dənizində su səviyyəsinin davamlı azalmasının regionun biomüxtəlifliyinə, əhalinin yaşayış şəraitinə və iqtisadi fəaliyyətinə ciddi təsir göstərdiyini bildirib.
"Biz xüsusilə, regionda biomüxtəliflik, əhalinin yaşayış şəraiti və iqtisadi fəaliyyət üçün ciddi nəticələri özündə ehtiva edən, Xəzər dənizində suyun səviyyəsinin davamlı azalmasından narahatıq. Bu, bütün Xəzəryanı dövlətlərin qarşılaşdığı ortaq çağırış olaraq, əlaqələndirilmiş, kollektiv və davamlı cavab tədbirləri tələb edir".
Bayramov bu problemin bütün Xəzəryanı dövlətlər üçün ortaq çağırış olduğunu vurğulayıb və məsələnin həlli üçün əlaqələndirilmiş, kollektiv və davamlı tədbirlərin zəruriliyini bildirib.