"İmişli" futbol klubunun müdafiəçisi Ronaldo de Souza Misli Premyer Liqasının VI turunda "Sabah"dan 1:3 hesabı ilə uduzduqları oyunu şərh edib və növbəti turda "Qarabağ"la keçiriləcək matçdan danışıb.
"İmişli"nin braziliyalı müdafiəçisi Ronaldo de Souza komandasının səfərdə "Sabah"a 1:3 hesabı ilə uduzduğu qarşılaşmadan sonra mətbuata açıqlama verib. Futbolçu bildirib ki, rəqib komandanın oyun tərzini əvvəlcədən təhlil etdiklərini və yüksək templi başlanğıca hazır olduqlarını vurğulayıb.
"Heç bir oyun asan keçmir. Liqanın da, "Sabah"ın da səviyyəsi yüksəkdir. Rəqibin oyununu analiz etmişdik. Bilirdik ki, matça yüksək tempdə başlayacaqlar. Biz də buna hazır idik", - deyə o bildirib.
Məğlubiyyətin gedişatını şərh edən Ronaldo qeyd edib ki, komandası erkən qol buraxmamaq üçün həftə boyu xüsusi çalışsa da, nəticə istədikləri kimi alınmayıb.
"Oyun yüksək tempdə keçdi. Rəqib təzyiq göstərib erkən qol vurmağa çalışırdı. Həftə boyu bunun üzərində xüsusi işləmişdik. Lakin düşünürəm ki, rəqib nə qədər güclü olsa da, xal almaq mümkün idi. Qol da vurduq. Sadəcə sonluq istədiyimiz kimi alınmadı", - deyə futbolçu vurğulayıb.
Jurnalistlərin komandanın heç olmasa bir xal qazana bilib-bilməyəcəyi ilə bağlı sualına cavabında Ronaldo bildirib ki, oyunun sonuna doğru hesabı bərabərləşdirmək üçün cəhd göstərsələr də, əks-hücumdan qol buraxıblar.
"Xal ala bilərdik. Hətta deyərdim, buna yaxın idik. Sona yaxın hesab arasındakı fərqi azaltdıq. Sonradan irəli atıldıq ki, ikinci qolu da vuraq. Təəssüf ki, sonluq istədiyimiz kimi olmadı. Əvəzində əks-hücumda qol buraxdıq. Ümumilikdə, komandamızın çıxışından razı qaldım. Özümüzü yaxşı tərəfdən göstərdik", - deyə braziliyalı futbolçu əlavə edib.
Ronaldo həmçinin komandasının növbəti turda üzləşəcəyi "Qarabağ" ilə oyundan da söz açıb. O bildirib ki, milli komandalar üçün fasilə dövründən istifadə edərək daha çox hazırlaşacaqlar.
"İstəyimiz hər matçda maksimum xal qazanmaqdır. Bilirik ki, heç bir oyunumuz asan keçmir. Milli fasilə bizə kömək edəcək. Daha çox hazırlaşacağıq. "Qarabağ" güclü rəqibdir, lakin futbolda hər şey mümkündür. Rəqib nə qədər güclü olsa da, o demək deyil ki, heç bir şansımız yoxdur", - deyə Ronaldo de Souza vurğulayıb.