20 sentyabr - Neftçilər Günü münasibəti ilə Yeni Azərbaycan Partiyasının Sabunçu rayon təşkilatı "Balakhani Operating Company LTD" şirkətinin fərqlənən işçilərini mükafatlandırıb.
Sabunçu rayonunda yerləşən "Balakhani Operating Company LTD" (BOC) hasilat şirkətinin baş qərargahında Neftçilər Günü münasibəti ilə bayram tədbiri keçirilib. Tədbirdə şirkətin bir qrup fərqlənən işçisi mükafatlandırılıb.
Təltifləri Yeni Azərbaycan Partiyasının Sabunçu rayon təşkilatının sədri Araz Xudadanov, BOC prezidenti Rövşən Rzayev və Milli Məclisin deputatı, siyasi elmlər doktoru Vüqar Rəhimzadə birgə təqdim ediblər. Tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.
Sonra ölkənin azadlığı və ərazi bütövlüyü uğrunda həlak olan şəhidlərin, habelə peşə vəzifəsini yerinə yetirərkən dünyasını dəyişmiş neftçilərin xatirəsi bir dəqiqəlik sükutla anılıb.
Neftçiləri təbrik edən hakim partiyanın nümayəndələri Azərbaycanın müstəqilliyi və suverenliyi dövründə əldə etdiyi uğurların kökündə strateji iqtisadi siyasətin dayandığını vurğulayıblar. Onlar həmçinin qeyd ediblər ki, 20 sentyabrın həm "Neftçilər Günü", həm də "Dövlət Suverenliyi Günü" kimi qeyd olunması yaxın tariximizin mühüm səhifələrini yaşadır və bu, ölkənin siyasi-iqtisadi inkişafının vəhdətini simvolizə edir.
Bildirilib ki, Ümummilli Lider Heydər Əliyevin uzaqgörən addımı ilə imzalanan "Əsrin Müqaviləsi" Azərbaycanda iqtisadi dirçəlişin əsasını qoyub və ölkənin siyasi, iqtisadi, sosial cəhətdən güclənməsinə yol açıb. Bu proses, öz növbəsində, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ordu quruculuğuna da təkan verərək Vətənə şanlı zəfər qazandırıb.
BOC prezidenti Rövşən Rzayev öz çıxışında bildirib ki, şirkət işçiləri strateji əhəmiyyətli sahədə çalışdıqlarını dərk edərək öz işlərinə hər zaman məsuliyyətlə yanaşırlar.
"Məsuliyyətə şərəf hissi də qatanda - başa düşəndə ki, bizim çıxardığımız hər ton neft dövlət büdcəsinə əlavə gəlirdir, oradan isə - daha yaxşı məktəblər, daha müasir müəssisələr, daha sürətlə bərpa olunan azad Qarabağımız və neçə-neçə Azərbaycanın daha böyük zəfəri deməkdir - işə gələndə keçirdiyimiz günlər böyük məna ilə dolur".
Tədbir çərçivəsində tarixi Balaxanı neft mədənlərinə həsr olunmuş "Od və Günəş" sənədli filmindən parçalar da nümayiş etdirilib.