Region klubları evdə oynamır: Azərbaycan futbolunun problemi
21 sen 2026 Post redaksiyası 12 4 dəq

Region klubları evdə oynamır: Azərbaycan futbolunun problemi

Azərbaycan Premyer Liqasında bir sıra klub protokollarda "ev sahibi" kimi göstərilsə də, real oyunlarını tamam başqa şəhərlərdə keçirir. Bu vəziyyət klub ilə şəhər arasındakı bağı zəiflədir və azarkeş marağına birbaşa təsir edir.

Azərbaycan futbolunda son dövr qəribə bir mənzərə müşahidə olunur. Oyun protokolunda komandanın adının qarşısında "ev sahibi" sözü yazılsa da, xəritəyə nəzər saldıqda həmin "ev"in tamam başqa yerdə olduğu görünür. Bəzən isə rəqib komandanın öz şəhərindəki stadion "ev sahibi" klubun meydanı elan olunur.

"Araz-Naxçıvan" Naxçıvan şəhərini təmsil etsə də, Premyer Liqadakı ev oyunlarını Şamaxıda keçirir. Keçən mövsüm Bakıda çıxış edən komanda müəyyən müddət Qəbələyə üz tutmuş, iki ev oyununu orada oynamışdı. "İmişli" klubu isə adını İmişlidən götürsə də, ev qarşılaşmaları üçün Yevlax şəhərinə gedir.

Kağız üzərində, əslində, hər şey qaydasındadır — stadion tələblərə cavab verir, hakim fit çalır, 90 dəqiqə normal başa çatır. Amma futbol bu 90 dəqiqədən ibarət deyil. Klubun öz şəhərində stadionunun olması sadəcə texniki detal deyil, bu, klubun kimliyinin bir hissəsidir.

Azarkeşlə klub arasındaki bağ

Bu bağlılıq uşağın məktəbdən çıxıb atasının əlindən tutaraq stadiona getməsində, şəhərin həftəsonunu futbol söhbətləri ilə keçirməsində özünü göstərir. Bu mənzərə bir müddətdir məhz Gəncədə yaşanır. "Kəpəz"in topladığı 7 xalda azarkəş dəstəyinin çox böyük rolu olduğu göz qabağındadır, halbuki komanda hələ də hər oyunda gözlənilən səviyyəni göstərə bilmir.

Rəqəmlər də bunu təsdiqləyir: 6-cı turda keçirilən "Kəpəz" – "Sumqayıt" qarşılaşmasını stadionda 14 min 500 nəfər izləyib. Bunun əksinə olaraq, 5-ci turda Yevlaxda keçirilən "İmişli" – "Neftçi" matçına cəmi 600 azarkeş baxıb.

Komanda öz şəhərində oynamadıqda klub ilə şəhər arasındaki əlaqə də get-gedə zəifləyir. Məsələn, İmişlidə yaşayan və öz şəhərinin klubuna bağlı olan bir uşaq həmin klubun ev oyununa baxmaq üçün Yevlaxa getməli olur. Bu, real olaraq baş verəcək bir şey deyil, tribunalardaki mənzərə də bunu göstərir.

İnfrastruktur məsələsi paralel getmir

Təbii ki, bu məsələni tamamilə klubların üzərinə atmaq düzgün olmazdı. Region klubunun Premyer Liqaya yüksəlməsindən əvvəl bu sualların həll edilməsi vacibdir. AFFA-nın Lisenziya Komissiyası klublara lisenziya verərkən infrastruktur və digər meyarları nəzərə alır, federasiyanın verdiyi məlumata görə, bəzi klublara infrastruktur və akademiya işlərini qaydaya salmaq üçün əlavə vaxt da ayrılıb.

Sual isə budur: klub yaratmaqla onun yaşaması üçün lazım olan infrastrukturu qurmaq niyə eyni vaxtda getmir? Bir şəhərdə klub yaratmaq nisbətən asandır — ad qoyulur, forma hazırlanır, futbolçular gətirilir, məşqçi təyin olunur. Amma bundan sonra əsl sual gəlir: klub harada məskunlaşacaq, məşq keçəcək, akademiyasını harada quracaq, uşaqlar futbolu harada öyrənəcək, azarkeş komandasını harada izləyəcək?

Bu sualların cavabı yoxdursa, onda ortaya çıxan peşəkar futbol klubu deyil, müəyyən müddət fəaliyyət göstərəcək bir futbol komandası olur.

Regionların inkişafı təkcə adla olmur

Azərbaycan futbolunun regionlara yayılması və yeni klubların yaranması, şübhəsiz, vacib məsələdir və bu, dəfələrlə problem kimi vurğulanıb. Amma region futbolunun inkişafı sadəcə şəhərin adının Premyer Liqa iştirakçıları siyahısına düşməsi ilə baş vermir.

İnfrastruktur olmadan region futbolu ancaq müvəqqəti bir həvəsə çevrilir. Stadion olmadan azarkeş mədəniyyəti formalaşmır, akademiya olmadan isə yerli futbolçu yetişdirmək mümkün olmur. Bu, sadəcə "Araz-Naxçıvan" və ya "İmişli"nin problemi kimi görünsə də, əslində Azərbaycan futbolunun ümumi infrastruktur məsələsidir.

Futbolumuz regionlarda həqiqətən kök salmaq istəyirsə, gələcəkdə diqqət edilməli əsas məsələlərdən biri klubun öz şəhərində oynaya bilib-bilməməsi olmalıdır. Təəssüf ki, hazırda yalnız klubun Premyer Liqada iştirak edib-etməməsi önə çəkilir, halbuki Azərbaycanda "ev" anlayışı çox həssas məsələdir — evi olmadan evlənməyin çətinliyi qədər, öz stadionu olmadan Premyer Liqada oynamaq da ağır yükdür.

Problem yalnız Premyer Liqa ilə bitmir

Bu problem təkcə ali liqaya aid deyil. Bakıdaki Binə stadionunda 1-ci və 2-ci liqa klublarının az qala yarısı ev oyunlarını keçirir. 2-ci liqada isə vəziyyət daha da qəribədir: "Şəki" klubu Zaqatalada, Qubanı təmsil edən "Hypers" Bərdədə, İmişli təmsilçisi "Kür-Araz" Saatlıda, "Şəmkir" isə Şamaxıda çıxış edir.

  • "Şəki" – Zaqatalada oynayır
  • "Hypers" (Quba) – Bərdədə oynayır
  • "Kür-Araz" (İmişli) – Saatlıda oynayır
  • "Şəmkir" – Şamaxıda oynayır

Siyahı bununla bitmir. Evsiz qalan bu klubların çoxunun keçmişdə futbol ənənəsi olub və vaxtilə Premyer Liqada təmsil olunublar. Bu gün "Kəpəz"ə son 4 turda Gəncədə yaranan gözəl futbol atmosferinə görə "Həmişə evində-eşiyində" demək mümkündür. Stadionsuz qalan digər klublara isə hələlik ancaq bu sahədə problemlərini həll etmələrini arzulamaq qalır.