UFC-nin yüngül çəki dərəcəsində reytinqin ikinci pilləsini tutan ermənistanlı Arman Tsarukyan braziliyalı Maurisio Rufi ilə döyüşdən sonra aldığı travma səbəbindən müəyyən müddətə yarışlardan uzaqlaşdırılıb.
Kaliforniya Ştatının İdman Komissiyası “UFC 331” turnirindəki döyüşdən sonra Arman Tsarukyan və Maurisio Rufi üçün tibbi məhdudiyyətlər müəyyənləşdirib. Hər iki döyüşçüyə eyni qadağalar tətbiq olunub.
Qərara əsasən, idmançılar 45 gün müddətinə heç bir yarışda iştirak edə bilməyəcəklər. Bundan başqa, növbəti 30 gün ərzində onlara kontaktlı məşqlər keçirmək qadağan edilib.
Döyüş zamanı hər iki idmançının sağ gözü ətrafında dərin kəsik yaranıb. Bu səbəbdən Tsarukyan və Rufi 60 gün müddətinə, ya da xüsusi həkim təsdiqi əldə edənə qədər qarışıq döyüş növləri (MMA) üzrə turnirlərdə çıxış edə bilməyəcəklər.
Arman Tsarukyan ilə Maurisio Rufi arasındakı qarşılaşma sentyabrın 19-dan 20-nə keçən gecə Los-Ancelesdəki “Crypto.com” arenasında keçirilən “UFC 331” turnirində baş tutub. Ermənistanlı döyüşçü birinci raundun bitməsinə cəmi 4 saniyə qalmış rəqibini nokaut edərək qələbə qazanıb.