“Apollo Global Management” şirkətinin idarəedici direktoru Conatan Bar bildirib ki, Azərbaycan Mərkəzi Asiya üçün əsas bağlantı nöqtəsinə çevrilib və şirkət bölgədəki enerji layihələrinə milyardlarla dollar vəsait yatırıb.
“Apollo Global Management” şirkətinin idarəedici direktoru Conatan Bar “Orta Dəhliz: ticarət, sənaye və bağlantı potensialının reallaşdırılması” adlı sessiyada şirkətin Azərbaycanla bağlı enerji sərmayələrindən danışıb. Onun sözlərinə görə, SOCAR ilə birgə TANAP layihəsinə 1 milyard dollar, BP ilə birlikdə isə TAP və TANAP layihələrinə 2 milyard dollar investisiya yönəldilib. Bundan əlavə, regiondakı maliyyə institutlarına da müxtəlif həcmdə vəsait qoyulub.
Bar qeyd edib ki, Orta Dəhlizə göstərilən diqqət yalnız əməkdaşlıq etdikləri tərəfdaşların keyfiyyəti ilə deyil, həm də bölgədəki siyasi rəhbərliklə bağlıdır.
“Yəni Orta Dəhlizə olan öhdəliyimiz əhəmiyyətlidir və artmaqdadır. Bu, yalnız əməkdaşlıq etdiyimiz tərəfdaşların keyfiyyəti ilə deyil, həm də regiondakı liderliklə bağlıdır. Prezident İlham Əliyevin rəhbərliyi altında Ermənistanla sülh prosesi çərçivəsində Prezident İlham Əliyev kimi liderlər sayəsində bu regionda sülh və firavanlıq inkişaf edib”, - deyə C.Bar bildirib.
Şirkət rəhbərinin sözlərinə görə, Azərbaycan Mərkəzi Asiya ölkələri üçün bir növ keçid məntəqəsi funksiyasını daşıyır. Bar bunu illüstrasiya etmək üçün SOCAR ilə ilk sərmayə layihəsini investisiya komitəsinə təqdim etdikləri anı xatırlayıb.
“Hətta SOCAR ilə ilk sərmayəmizi investisiya komitəmizə təqdim edəndə bizə verilən ilk sual bu oldu: “Azərbaycanı necə təsvir edərsiniz?” Cavabımız belə oldu: “Azərbaycan Mərkəzi Asiyanın İsveçrəsidir”. Beləliklə, biz Qazaxıstana və ya Özbəkistana investisiya haqqında düşünəndə, əslində düşündüyümüz şey Azərbaycanın mövqeyini genişləndirməyə və bütün bu resursları Azərbaycana gətirməyə necə kömək edə biləcəyimizdən ibarətdir.”
Bar həmçinin Trans-Xəzər boru kəməri layihəsinin Avropaya qaz tədarükünü xeyli artıra biləcəyini vurğulayıb. Onun sözlərinə görə, hazırda bu istiqamətdən gələn qaz Avropa İttifaqının ümumi idxalının təxminən 5 faizini təşkil edir, lakin bu göstərici gələcəkdə 10 faizə qədər yüksələ bilər.
“Bildiyiniz kimi, bu addımlardan bəziləri Cənubi Avropaya gedən qaz həcmini iki və ya üç dəfə artıracaq Trans-Xəzər boru kəməri ola bilər. Hazırda bu qaz Aİ-nin ümumi idxalının təxminən 5%-ni təşkil edir və bu göstərici 10%-ə qədər yüksələ bilər. Bu, çox əhəmiyyətlidir.”
Bar onu da qeyd edib ki, hazırda Qazaxıstan və Özbəkistandakı enerji resurslarının böyük hissəsi Rusiya və Çinə yönəlib. Bu resursların Qərbə istiqamətləndirilməsi üçün infrastrukturun inkişaf etdirilməsi və hökumətlərarası razılaşmaların gücləndirilməsi vacibdir.
“Hazırda Qazaxıstan və ya Özbəkistandakı bütün resurslar əsasən Rusiya və Çinə axır. Əgər bunun böyük hissəsini Qərbə gətirmək istəyirsinizsə, burada infrastrukturu inkişaf etdirməli, hökumətlərin alqı-satqı müqavilələri və dəstəklə bunun arxasında durmasını təmin etməliyik”.