Sentyabrın 25-26-da Bakıda Prezident İlham Əliyevin himayəsi altında İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu keçiriləcək.
Tədbirin təşkilatçıları İqtisadiyyat Nazirliyi və İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO-dur. Forum "Parçalanmış dünyada etimadın bərpası: Cənubi Qafqaz qlobal bağlantı və investisiya sabitliyinin dayağı kimi" mövzusu ətrafında qurulub.
Tədbirin hazırlanmasında dünyanın nüfuzlu beyin mərkəzləri iştirak edib. Forumun strateji tərəfdaşı Avropanın aparıcı analitik qurumlarından sayılan "The European House – Ambrosetti & TEHA Group"dur. Bu qurum iqtisadi siyasət, investisiya mühiti və rəqabətqabiliyyətlilik sahəsində araşdırmaları ilə tanınır.
Son dövrdə qlobal iqtisadiyyatda gedən proseslər – təchizat zəncirlərinin yenidən qurulması, yeni nəqliyyat və enerji dəhlizlərinin formalaşması, texnologiya və süni intellektin iqtisadiyyata təsirinin güclənməsi – investisiya siyasətinə yeni yanaşmaların gətirilməsini zəruri edir. Bu kontekstdə Azərbaycanın Avropa ilə Asiya arasında yerləşən coğrafi mövqeyi ölkənin regional və qlobal bağlantılardakı rolunu daha da gücləndirir.
Foruma dünyanın önəmli investorları, dövlət qurumlarının və beynəlxalq maliyyə institutlarının nümayəndələri, həmçinin biznes dünyasının liderləri qatılacaq.
Plenar iclaslar və panel sessiyalar zamanı aşağıdakı istiqamətlər müzakirə ediləcək:
Xüsusi diqqət Azərbaycanın enerji tərəfdaşı və tranzit mərkəzi statusundan daha geniş iqtisadi platformaya – sənaye istehsalını, investisiyaları və regional dəyər zəncirlərini dəstəkləyən məkana çevrilməsinə yönələcək.
İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu ölkənin investisiya potensialını beynəlxalq biznes dairələrinə çatdırmaq, dövlət-özəl tərəfdaşlığını gücləndirmək, xarici investorlar və beynəlxalq maliyyə qurumları ilə əlaqələri genişləndirmək baxımından əhəmiyyətli platforma sayılır. Tədbir çərçivəsində sənaye, maliyyə, tikinti, süni intellekt, bərpa olunan enerji, aqrar sektor, su resursları və idman sahələrini əhatə edən mühüm sənədlərin imzalanacağı gözlənilir.
Xatırladaq ki, 2024-cü ilin sentyabr ayında keçirilmiş Birinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda 1000-dən artıq iştirakçı bir yerə toplaşıb. Həmin tədbirdə ümumi dəyəri 10 milyard ABŞ dollarından çox olan investisiya sazişləri imzalanıb, bunun 7 milyard ABŞ dollarından çoxu qeyri-neft sektoruna aid olub.