Paris prokurorluğu Fransanın futbol klubu PSJ-nin prezidenti Nasser Əl-Xələfi ilə bağlı ilkin araşdırmaya start verib.
Paris prokurorluğu PSJ-nin prezidenti Nasser Əl-Xələfi ilə əlaqədar ilkin araşdırma açıb. İş antikorrupsiya sahəsində fəaliyyət göstərən "Anticor" təşkilatının şikayəti əsasında başlayıb və prokurorluğun maliyyə cinayətləri ilə məşğul olan xüsusi bölməsinə həvalə edilib.
"Anticor"un iddiasına görə, Nasser Əl-Xələfi 2024-cü ilin yayında eyni zamanda üç mühüm vəzifəni icra edib: o, həm PSJ-yə rəhbərlik edib, həm "beIN Media Group"un prezidenti olub, həm də Fransa Peşəkar Futbol Liqasının (LFP) direktorlar şurasının üzvü kimi çalışıb.
Təşkilat bu vəzifələrin bir şəxsin əlində cəmlənməsini problemli hesab edir. Onların fikrincə, bu vəziyyət Fransa çempionatının televiziya yayım hüquqlarının satışı zamanı Əl-Xələfini maraqlar toqquşması ilə üz-üzə qoya, nəticədə qərarların "beIN Media Group"un xeyrinə yönəlməsinə şərait yarada bilərdi.
"Anticor" bu iddialarla bağlı rəsmi müraciətini martın 3-də Paris prokurorluğuna təqdim edib. Hazırda məsələ üzrə iş ilkin araşdırma mərhələsindədir.