Milli Məclisdə qiymətli kağızlara həbs qaydası müzakirə olunub
24 sen 2026 Post redaksiyası 3 3 dəq

Milli Məclisdə qiymətli kağızlara həbs qaydası müzakirə olunub

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında "İcra haqqında" Qanuna dəyişiklik layihəsi müzakirəyə çıxarılıb. Sənəd borclunun mülkiyyətindəki qiymətli kağızlara tələbin necə yönəldiləcəyini tənzimləyir.

Komitənin bugünkü iclasında baxılan layihəyə görə, icra məmuru borclunun yanında aşkarladığı sənədli qiymətli kağızı dərhal götürməli və bu barədə üzərinə həbs qoyulması haqqında qərar çıxarmalıdır. Qərarın surəti mərkəzi depozitara, qiymətli kağızı buraxan quruma və onu təqdim edən şəxsə göndərilir.

Əgər borclunun adına qeydiyyatdan keçmiş sənədsiz qiymətli kağız və ya mərkəzi depozitarda saxlanılan sənədli kağız aşkar edilərsə, icra məmuru mərkəzi depozitardan bu barədə rəsmi məlumat aldıqdan sonra da eyni qaydada həbs qərarı qəbul edir.

Həbsin təsiri və məhdudiyyətlər

Qiymətli kağız üzərinə qoyulan həbs onun sərəncam hüququnu və üzrə ödənişlərin qəbulunu icra sənədinin tələb etdiyi miqdar və həcmdə məhdudlaşdırır. Əgər tələbin miqdarına uyğun bölgü mümkün olmazsa, sərəncam hüququna tam şəkildə həbs qoyulur.

Bütün bu proseslər — məlumatların sorğulanması, həbsin qoyulması və tələbin qiymətli kağıza yönəldilməsi — "Elektron icra" informasiya sistemi vasitəsilə aparılacaq.

Kağızın tələbkara təklif edilməsi

Qiymətli kağız tələbkara əvvəlki ticarət gününün sonuna olan qiymətdən aşağı olmayan qiymətlə, belə qiymət yoxdursa isə nominal dəyərlə təklif edilir. Tələbkar bu təklifi 7 iş günü ərzində qəbul edib-etməyəcəyini bildirməli, razılıq halında bu, icra məmuru ilə birgə imzalanan protokolla təsdiqlənməlidir.

Kağızın tələbkarın mülkiyyətinə keçməsi ilə bağlı icra məmuru 1 iş günü ərzində mərkəzi depozitara, ödəyiciyə və ya investisiya şirkətinə müraciət edir. Depo hesabı olmayan tələbkar isə əvvəlcədən investisiya şirkətinə və ya müvafiq bank xidmətlərinə müraciət edərək belə hesab açdırmalıdır.

Əgər təklif olunan qiymət tələbkarın tələb etdiyi məbləğdən yüksəkdirsə, tələbkar fərqi ödəyir. Bu vəsait Qanunun 74-cü maddəsinə uyğun bölüşdürülür, bütün tələblər ödənildikdən sonra qalan hissə borcluya qaytarılır.

Satış tənzimlənən bazarda aparılacaq

Tələbkar təklifi qəbul etmədiyi təqdirdə, qiymətli kağız tənzimlənən bazarda satışa çıxarılır. Satış Mülki Məcəllə və "Qiymətli kağızlar bazarı haqqında" Qanuna uyğun aparılır, icra məmuru isə sifarişçi qismində investisiya şirkətinə satışı həvalə edir.

Satış zamanı da qiymət əvvəlki ticarət gününün sonuna olan səviyyədən aşağı ola bilməz, belə göstərici olmadıqda nominal dəyər tətbiq edilir. Satışdan əldə olunan vəsait icra xidmətinin depozit hesabına köçürülür.

Əgər kağız iki ay ərzində satılmazsa, bu barədə icra məmuruna məlumat verilir və kağız yenidən, bu dəfə nominal dəyərlə, tələbkara təklif olunur. Təklif qəbul edilmədikdə sənədli kağız 3 iş günü, sənədsiz kağız isə 1 iş günü ərzində borcluya qaytarılır.

Girov predmeti olan kağızlar

Ödəniş müddəti çatmış və üzərinə həbs qoyulmuş qiymətli kağızlar üzrə borcluya ödəniləcək vəsait ödəyici tərəfindən icra xidmətinin depozit hesabına köçürülür. Girov predmeti olan qiymətli kağızlara tələbin yönəldilməsi isə Qanunun 48-ci maddəsinə uyğun həyata keçirilir, lakin bu qayda daşınmaz əmlak üzərində ipoteka hüququnu təmin edən ipoteka kağızına şamil edilmir.