Qırğızıstanda keçirilən beynəlxalq festivalda Araşan cinsinə aid qoç 1 milyon dollara satılıb.
Qırğızıstanda keçirilən beynəlxalq maldarlıq festivalında Araşan cinsinə mənsub bir qoç 1 milyon dollara alıcı tapıb. Satılan heyvan 2023-cü ildə Qazaxıstanda 150 min dollara əldə edilmiş Frankel adlı qoçun törəməsidir.
Qırğızıstan Kənd Təsərrüfatı Nazirliyinin bildirdiyinə görə, milyon dollarlıq alqı-satqı Rusiya, Qırğızıstan, Qazaxıstan, Özbəkistan və Tacikistandan gələn fermerlərin qatıldığı beynəlxalq tədbir çərçivəsində reallaşıb.
Araşan qoyun cinsi Qırğızıstanda 2021-ci ildə rəsmi qeydiyyatdan keçib, lakin bu cinsin formalaşdırılması istiqamətində işlər 1970-ci illərdən aparılırdı. Cinsin yaradılması zamanı Tacikistandan gətirilən Hissar qoçları yerli qaba yunlu qoyunlarla cütləşdirilib.
Araşan cinsindən olan qoyunlar zərif və şirəli ət, eləcə də bol quyruq piyi ilə seçilir. Bu heyvanlar həm yüksək dağlıq, həm də düzənlik-çöl ərazilərində saxlanmaq üçün yararlıdır.
Onlar dözümlü olmaqla otlaqlarda uzun müddət qala bilir, eyni zamanda tövlə şəraitinə də uyğunlaşa bilirlər.