Kənd Təsərrüfatı Nazirliyinin müavini İlhamə Qədimova bildirib ki, hazırlanan “Məhsul şəhadətnaməsi haqqında” qanun layihəsi fermerlərə yeni imkanlar versə də, bu addımı atarkən mümkün riskləri nəzərə almaq lazımdır.
Milli Məclisin Aqrar siyasət komitəsinin bugünkü iclasında “Məhsul şəhadətnaməsi haqqında” yeni qanun layihəsi müzakirəyə çıxarılıb. Kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova çıxış edərək sənədin mahiyyətini izah edib.
Nazir müavini vurğulayıb ki, qiymətin təyinində bazar göstəriciləri əsas rol oynamalı və hər iki tərəfin razılığı olmadan bu proses mümkün olmayacaq.
“Gərək qiymətli kağızda və ya bu sahədə bazar qiymətləri əsas götürülsün. Təbii ki, burda iki tərəf var, qarşılıqlı razılaşma olmalıdır. İki tərəfin razılığı olmadıqda, onsuz da bu, mümkün olmayacaq”.
Qədimova bildirib ki, bu mexanizmin oxşarı əvvəllər pambıqçılıqda tətbiq olunub və indi məhsul şəhadətnaməsi həmin təcrübənin qiymətli kağız formasında təqdimatıdır.
“Bu, onsuz da bizdə pambıq sahəsində var idi. Yəni tədarükçü müqavilə bağlayırdı ki, yekunda məhsulu bu qiymətə satacaq. Məhsul şəhadətnaməsi bir növ onun qiymətli kağız şəklində ifadəsidir. Sadəcə, niyə bu müqavilələr problem olurdu? Problem müqaviləni icra etmədikdə yaranırdı. Müqavilənin icra edilməməsi mülki münasibətdir, məhkəməyə gedilir, uzun proseslərə səbəb olur və ya məhkəmə qərarları, onun icraya yönləndirilməsi və s. Qarşılıqlı olaraq mübahisələrin həlli çox uzun vaxt aparırdı. Qiymətli kağız bu imkanı sizə daha qısa müddətdə verir”.
Nazir müavini bu mexanizmin kənd təsərrüfatı sahəsini ticarətə daha yaxın etdiyini bildirib. Onun sözlərinə görə, həm kiçik, həm orta, həm də böyük sahibkarlar bu sistemdən istifadə edə bilər, lakin bu, tamamilə könüllü xarakter daşıyır.
“İndi biz, necə deyərlər, ticarət sahəsinə girmiş oluruq. İstəyirik ki, bu sahəni daha iqtisadi edək. Bəli, kiçiklər də var, orta və böyük sahibkarlar da var. Ola bilər ki, bəzi kiçiklər sahibkarla buna dözə bilməsin. Məcburi deyil, istənilən şəxs qiymətli kağızı buraxa bilər, istənilən şəxs bundan imtina edə bilər. Dolaysı ilə bundan istifadə etmə qərarını verəcək olan həmin fermerin özüdür. Fermer bu qərarı verərkən müəyyən risklər çıxa biləcəyini düşünməlidir. Sahə təbii fəlakətlərə açıq olduğu üçün, təbii ki, bu zaman itkinin necə qarşılanması da vacibdir. Məhz sığorta imkanı bu səbəbdən qanuna salınıb və könüllülüyə bağlanıb”.