"PAŞA Real Estate Qrup"un nümayəndələri Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri Mariam Kvrivishvili ilə görüşərək Tbilisidəki yeni layihələr barədə fikir mübadiləsi aparıblar.
"PAŞA Real Estate Qrup"un nümayəndə heyəti Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri Mariam Kvrivishvili ilə görüş keçirib. Görüşdə tərəflər ölkədə turizm və hotel sektorunun perspektivlərini, investisiya mühitini və qarşılıqlı əməkdaşlıq imkanlarını müzakirə ediblər.
Nümayəndə heyətinə "PAŞA Real Estate Qrup"un Baş Kommersiya Direktoru və Beynəlxalq Layihələrin Baş İcraçı Direktoru Elçin Qədimov başçılıq edib. Söhbət zamanı Gürcüstanın beynəlxalq turizm məkanı kimi güclənən mövqeyi, ölkəyə xarici sərmayələrin cəlb olunması potensialı və özəl kapitalın turizm infrastrukturuna verdiyi töhfə diqqətə çatdırılıb.
Bildirilib ki, Gürcüstan "PAŞA Real Estate Qrup"un fəaliyyət göstərdiyi altıncı ölkəyə çevriləcək. Qrupun Tbilisidəki mövcudluğu A sinif biznes mərkəzi və növbəti, 25-ci hoteli ilə təmin olunacaq.
Görüşün sonunda qrupun nümayəndələri layihəyə göstərilən dəstəyə görə nazir Mariam Kvrivishviliyə və nazirlik əməkdaşlarına minnətdarlıqlarını bildiriblər. Tərəflər dövlət qurumları ilə özəl sektor arasındakı əməkdaşlığın gələcəkdə də davam etdirilməsinin vacibliyini, eləcə də Gürcüstanın turizm potensialının açılmasına xidmət edən layihələrin önəmini bir daha vurğulayıblar.
"PAŞA Holding"in tərkibinə daxil olan "PAŞA Real Estate Qrup" daşınmaz əmlak bazarında investisiya qoyuluşu, tikinti işləri, developer xidmətləri, həmçinin aktivlərin idarə edilməsi və istismarı sahələrində fəaliyyət göstərir. Qrupun portfelində lüks hotellər, elit kurort kompleksləri, premium səviyyəli yaşayış binaları, ticarət mərkəzləri və çoxfunksiyalı obyektlər yer alır.
Hazırda Azərbaycan, Gürcüstan, Türkiyə, Monteneqro, Özbəkistan və ABŞ-da fəaliyyət göstərən qrup etibarlılıq, keyfiyyət və müştəri məmnuniyyəti prinsiplərinə söykənərək aktivlərinin beynəlxalq dəyərini artırmağı və sektor standartlarını yüksəltməyi qarşısına məqsəd qoyub.