Baş nazir Əli Əsədov dövlət ümumi təhsil müəssisələrində təhsilalanların geyim formalarının təsvirlərinə dair qərarda dəyişiklik barədə sənəd imzalayıb.
Baş nazir Əli Əsədov Nazirlər Kabinetinin 2022-ci il 17 mart tarixli 96 nömrəli Qərarı ilə təsdiq edilmiş "Dövlət ümumi təhsil müəssisəsi təhsilalanlarının geyim formalarının təsvirləri"ndə dəyişiklik edilməsi haqqında Qərar imzalayıb.
Sənədə əsasən, şagirdlər üçün müəyyən olunmuş geyim formasının vahidliyini pozan geyim elementlərinin istifadəsinə icazə verilmir. Bundan əlavə, ümumi təhsilin dünyəvilik prinsipinə zidd olan digər geyim ünsürlərindən istifadə də qadağan edilir.
Qərara görə, Azərbaycan xalqının tarixi, mədəniyyəti və milli-mənəvi dəyərləri ilə əlaqəli tədbirlər zamanı istisna qoyulub. Belə hallarda məktəbin Pedaqoji Şurasının qərarı əsasında milli geyimlərdən və ya onların ayrı-ayrı elementlərindən istifadəyə yol verilə bilər.
Sənəddə həmçinin qeyd olunur ki, valideynlər, yaxud uşaqların digər qanuni nümayəndələri – qəyyumluğunda və ya himayəsində olan şəxslər üzrə – geyim forması ilə bağlı müəyyən edilmiş tələblərə əməl olunmasına nəzarət etməlidirlər.