"Trendyol" platforması üzərindən edilən sifarişlərin Azərbaycana çatdırılma müddəti son günlər əhəmiyyətli dərəcədə uzanıb, istifadəçilər gecikmələrdən şikayətlənir.
Onlayn alış-veriş platforması "Trendyol" vasitəsilə sifariş edilən məhsulların Azərbaycana çatdırılmasında ciddi gecikmələr müşahidə olunur. Sosial şəbəkələrdə bir çox istifadəçi son dövrdə sifarişlərin əvvəlki vaxtlarla müqayisədə xeyli gec əlinə çatdığını bildirir.
İstifadəçilərin paylaşımlarına əsasən, keçmişdə sifarişlər adətən 7-10 gün ərzində ünvana çatdırılırdı. Hazırda isə bu proses 15 günə qədər uzanır, bəzi hallarda isə çatdırılma bir ay vaxt aparır.
Yayılan məlumatlara görə, gecikmələrin əsas səbəbi məhsulların daşınma üsulunda baş verən dəyişiklikdir. İddialara əsasən, əvvəllər hava nəqliyyatından istifadə olunurdusa, hazırda yüklər quru yolu ilə daşınır.
Bundan əlavə, sərhəd-keçid məntəqələrində yaranan sıxlıqların da logistika prosesində fasilələrə yol açdığı vurğulanır. Bu amillərin birləşməsi nəticəsində ümumi çatdırılma müddəti xeyli artıb.
Hazırkı vəziyyətlə bağlı iddialar hələ rəsmi qurumlar və ya şirkət tərəfindən təsdiqlənməyib. Bununla belə, məsələ ilə bağlı "Trendyol" tərəfindən açıqlama verilməsi gözlənilir.