BMT Baş Assambleyasının 81-ci sessiyası sentyabrın 8-də öz işinə başlayıb, dövlət və hökumət başçılarının qatılacağı Yüksəksəviyyəli Həftə isə sentyabrın 22-dən 28-dək davam edəcək. Təşkilatın 81 illik tarixi ərzində iclas salonlarında bir sıra yaddaqalan hadisələr baş verib.
Hazırda dünya liderləri Nyu-Yorkda toplaşaraq müxtəlif mövzularda müzakirələr aparır, eyni zamanda ikitərəfli görüşlər keçirirlər. BMT Baş Assambleyasının ilk iclası 1946-cı ildə Londonda, Vestminster sarayında təşkil olunub. O dövrdə təşkilatın tərkibində cəmi 51 dövlət təmsil olunurdu, hazırda isə Baş Assambleyaya 193 ölkə üzvdür. Keçən onilliklər ərzində bu sessiyalar təkcə mühüm çıxışlarla deyil, həm də bir sıra qeyri-adi anlarla yaddaşlarda qalıb.
1960-cı il sentyabrın 26-da Kuba lideri Fidel Kastro Baş Assambleya tarixinin ən uzun çıxışını edib - bu nitq düz 269 dəqiqə çəkib. Məhz həmin hadisədən sonra tribunaya xüsusi işıqlandırma sistemi quraşdırılması qərara alınıb. Bu sistem natiqin 15 dəqiqəlik vaxt həddini aşdığını bildirmək üçün yanmağa başlayır.
1965-ci il yanvarın 20-də İndoneziya Malayziyanın BMT Təhlükəsizlik Şurasına üzv seçilməsinə etiraz əlaməti olaraq təşkilatdan çıxmaq qərarı elan edib. Buna baxmayaraq, ölkənin bayrağı BMT binası önündə heç vaxt endirilməyib. Bundan cəmi bir neçə ay sonra, 1966-cı il sentyabrın 19-da göndərilən teleqramla İndoneziya təşkilatla əməkdaşlığını bərpa etdiyini rəsmən bildirib.
Baş Assambleya iclaslarının tarixində ən azyaşlı iştirakçı Yeni Zelandiyanın o zamankı Baş naziri Casinda Ardernin körpə qızı olub. 2018-ci ildə Baş nazir üç aylıq qızı ilə birlikdə iclasa qatılıb, uşağın rəsmi buraxılış vərəqəsində isə "First Baby" ("İlk körpə") sözləri yazılıb.
Adətən əyani şəkildə keçirilən Baş Assambleya iclasları 2020-ci ildə COVID-19 pandemiyası ucbatından ilk dəfə onlayn formatda təşkil olunub. Liderlərə çıxışlarını əvvəlcədən qeydə almaq təklif edilib, bu çıxışlar isə 193 üzv dövlətin hər birinin bir nümayəndə göndərə biləcəyi Baş Assambleya zalında nümayiş etdirilib.
1974-cü ildə Fələstin Azadlıq Təşkilatının lideri Yasir Ərafat ilk dəfə Baş Assambleya tribunasından çıxış edib. Çıxışı zamanı o, belə deyib:
Bu gün mən bura bir əlimdə zeytun budağı, digər əlimdə azadlıq mübarizinin silahı ilə gəlmişəm. Zeytun budağının əlimdən düşməsinə imkan verməyin.
1974-cü il noyabrın 13-də çəkilmiş bir fotoda Ərafatın belində tapança qabına bənzər əşya görünür. İddialara görə, onun mühafizəçilərindən biri jurnalistlərə bunun həqiqətən tapança olduğunu təsdiqləyib.
2006-cı ildə Venesuela Prezidenti Üqo Çaves çıxışı zamanı ABŞ lideri Corc Buş-oğula işarə edərək, bir gün əvvəl həmin tribunadan "şeytanın" çıxış etdiyini bildirib və bu sözlərini xaç işarəsi çəkməklə müşayiət edib.
BMT Baş Assambleyasının ən emosional iclaslarından biri 1960-cı il oktyabrın 12-də baş verib. Həmin gün son dərəcə həyəcanlı çıxış edən şəxs SSRİ Kommunist Partiyası Mərkəzi Komitəsinin Birinci katibi Nikita Xruşşov olub. Bir sıra şahidlər onun iclas zamanı ayaqqabısı ilə masaya vurduğunu iddia etsə də, BMT-nin kitabxana arxivində bu barədə heç bir rəsmi sənəd qalmayıb.
2021-ci ildə BMT Baş Assambleyasında qeyri-adi bir "natiq" - Frenki adlı dinozavr çıxış edib. BMT-nin İnkişaf Proqramı tərəfindən 27 oktyabrda yayımlanan videoçarxda bu dinozavr bəzi dövlətlərin qlobal istiləşməyə səbəb olan davranışlarının nəticədə insanların da dinozavrlar kimi məhv olmasına gətirib çıxara biləcəyini bildirib.