Əliyev: ÜDM-in 70 faizdən çoxu qeyri-neft sektorunundur
26 sen 2026 Post redaksiyası 3 2 dəq

Əliyev: ÜDM-in 70 faizdən çoxu qeyri-neft sektorunundur

Prezident İlham Əliyev bildirib ki, Azərbaycanın dayanıqlı inkişafında maliyyə imkanlarından daha çox ölkənin kadr potensialı və qazanılmış təcrübə həlledici əhəmiyyət kəsb edir.

Dövlət başçısı İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən tədbirdə çıxış edərək ölkənin iqtisadi inkişaf strategiyasından danışıb. Onun sözlərinə görə, Azərbaycan böyük maliyyə vəsaiti sayəsində istənilən müasir texnologiyanı əldə etmək imkanına malikdir, lakin əsl uğurun açarı insan kapitalı və toplanmış təcrübədir.

“Azərbaycan iri maliyyə resursları hesabına istənilən texnologiyanı əldə edə bilsə də, ölkənin dayanıqlı inkişafında kadr potensialı və toplanmış təcrübə əsas rol oynayır”.

Prezident təhsil sisteminə diqqəti xüsusi vurğulayıb. Onun qeyd etdiyinə görə, ölkədə savadlılıq göstəricisinin demək olar ki, 100 faizə çatması və təhsil sahəsində aparılan genişmiqyaslı islahatlar ixtisaslı kadr bazasının formalaşmasına töhfə verir.

Neft-qaz təcrübəsi və qeyri-neft sektorunun payı

İlham Əliyev neft-qaz sənayesində əldə olunmuş idarəetmə təcrübəsinin əhəmiyyətindən danışarkən bildirib ki, bu sahədə toplanan bilik ölkənin digər sektorlarının inkişafına da müsbət təsir göstərir. Onun sözlərinə əsasən, hazırda ümumi daxili məhsulun 70 faizdən artıq hissəsi məhz qeyri-neft sektorunun payına düşür.

Bununla belə, dövlət başçısı ixracat strukturunda neft və qazın hələ də üstünlük təşkil etdiyini xatırladıb. O bildirib ki, bu asılılığı azaltmaq məqsədilə beynəlxalq tərəfdaşlarla əməkdaşlıq davam etdirilir.